İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığında ölkəsinin qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında məlumat yayılıb.

"İran İslam Respublikasının dost və qardaş Pakistanın suverenliyi və ərazi bütövlüyünə hörmətini vurğuladı. O, həmçinin İran silahlı qüvvələrinin zərbəsinin yalnız Ceyş əl-Zolm qruplaşmasının terrorçularına yönəldiyini əmin edib və əlavə edib ki, bu əməliyyat zamanı bir dənə də olsun Pakistan vətəndaşı hücuma məruz qalmayıb", - məlumatda qeyd edilib.

Əlavə edilib ki, tərəflər ikitərəfli münasibətləri də müzakirə ediblər. Abdullahian bununla bağlı Tehran və İslamabad arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Yanvarın 16-da "Tasnim" agentliyi İran silahlı qüvvələrinin Pakistan ərazisində yerləşən "Ceyş əl-Zolm" terror qruplaşmasının iki qərargahına zərbələr endirib. Əməliyyat zamanı pilotsuz təyyarələr və raketlərdən istifadə edilib. Pakistan Xarici İşlər Nazirliyi zərbəni pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırıb və bunun ciddi nəticələrə gətirib çıxara biləcəyini bildirib. 

Yanvarın 10-na keçən gecə Ceyş əl-Zolm terrorçuları İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Rask və Cənqəl şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum edərək bir polis əməkdaşını öldürüblər. Qrup əvvəllər İran-Pakistan sərhədində törədilən terror aktlarına, eləcə də İran sərhəd xidmətinin əməkdaşlarına hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.