İsrailin 28 yüksək rütbəli məmuru baş nazir Benyamin Netanyahunun istefaya göndərilməsi üçün Ali Məhkəməyə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, İsrailin "Calcalist" nəşri İsrail Baş naziri Netanyahunun vəzifədən azad edilməsi tələbi ilə Ali Məhkəməyə göndərilən ərizə ilə bağlı təfərrüatları paylaşıb.

Nəşrdə yer alan xəbərə görə, aralarında iqtisadçılar, texnologiya ekspertləri və akademiklərin də olduğu 28 yüksək vəzifəli məmur Netanyahunun işdən çıxarılması tələbi ilə Ali Məhkəməyə ərizə təqdim edib.

Müraciətdə Netanyahunun müharibədə dövlətin maraqlarına uyğun hərəkət etmək məsuliyyətinə baxmayaraq rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə ittiham olunduğu məhkəmə proseslərini təxirə salması və bundan şəxsi mənfəəti üçün istifadə etməsi yer alıb. 

Qeyd olunub ki, Netanyahu müharibənin başlanmasından bu yana bir neçə dəfə ona qarşı korrupsiya işinə baxılmasının təxirə salınmasını, müharibənin idarəçiliyi ilə məşğul olduğunu əsas gətirərək, İsrail baş nazirinin bu kimi məsuliyyətlərindən azad edilməsini tələb edib.

Benyamin Netanyahu korrupsiya ittihamı ilə Şərqi Qüds Rayon Məhkəməsində mühakimə olunur.