Yay mövsümü ilə əlaqədar turizm sektorunda canlanma müşahidə olunur. Artıq bir müddətdir ki, yerli turistik zonalar aktiv fəaliyyətə başlayıb. Turizmin inkişafı baxımından Azərbaycan son illər əcnəbi turistlərin ziyarət etdiyi ölkələrdən birinə çevrilib. Buna görə də ölkəmizə turist axını kifayət qədər artıb. Artıq ölkəmizin turizm mərkəzləri həm yerli, həm də xarici qonaqları qarşılamağa başlayıb. Bununla yanaşı, yay tətilini xaricdə keçirmək istəyən Azərbaycan vətəndaşları da az deyil.

Daha çox hansı bölgələr prioritet hesab edilir və qiymətlər necə dəyişir?

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi İqtisadiyyat.az-a açıqlamasında deyib ki, yay ayları turizm sənayesi üçün yüksək mövsüm hesab olunur.

Onun sözlərinə görə, çünki inkişaf dinamikası və dövriyyə bu aylarda daha çox artır. Mütəxəssis deyir ki, bu da səfərlərin sayının artması, insanların məzuniyyətə çıxması və s. kimi məsələlərlə əlaqədardır: “Üstəlik, bu il Azərbaycanda “COP-29”un keçirilməsi, o cümlədən sentyabr ayına “Formula 1” yarışlarının təşkili, düşünürəm ki, yüksək mövsümü bir qədər uzadacaq. “COP-29”a qədər olan xarici vətəndaşların da iştirak etdiyi çoxsaylı tədbirlər, o cümlədən “COP-29”dan sonra da ilin axırınacan davam edəcək bir sıra tədbirlər hər halda, hesab edirəm ki, Azərbaycana olan diqqət və marağı bir qədər də artıracaq”.

S.Dübəndi turizm sektorunda iyun ayından gözləntilərin daha çox olduğunu, lakin əks tendensiyanın baş verdiyini söyləyib: “Apardığımız statistik hesablamalara, sorğulara və məlumatların təhlilinə görə, iyun ayından gözləntilərimizi daha çox idi. Lakin iyunda mehmanxana və digər yerləşmə vasitələrinin dövriyyəsi gözlənilən kimi olmadı. May ayı həm Bakı, həm də regional turizm üçün daha yüksək olub. İyun ayında isə bu, bir az səngiyib. Bunu da yerli vətəndaşların turizm fəaliyyətlərinə qatılmalarının iyun ayında bir qədər çətinləşməsi ilə izah etmək olar. Məlumdur ki, ali təhsil ocaqlarında məzun günləri, buraxılış imtahanları və s. məsələlərdən yüz minlərlə insan bu proseslərə bağlı olur. Buraya təkcə tələbələr deyil, onların ailə üzvləri də daxildir. Bütün bunlar turizm sektoruna da təsirsiz ötüşmür. İyun ayında xaricdən gələn axın da gözlənilən kimi olmadı. May ayından daha yüksək dövriyyənin olacağını düşünürdük, amma nədənsə əksinə baş verdi”.

Xaricdən gələnlərin də eyni proseslərlə üzləşdiyini deyən mütəxəssis bildirib ki, orda da bu aylarda məzun günləri, imtahanlar və s. keçirilir, həmçinin ali təhsil müəssisələrində qəbul imtahanları da bu mövsümə təsadüf edir: “Digər tərəfdən, zənnimcə, dünyanı silkələyən siyasi proseslər, müharibələr də gözləntilərin qarşılanmamasına müəyyən dərəcədə öz təsirini göstərib. Onlar səfər etməzdən öncə gedəcəkləri ölkədə vəziyyətin necə olacağını düşünürlər. Yəni hamı Azərbaycanı, yaxud getdiyi digər turizm destinasiyalarını onlayn, yaxud digər formada tam tanımır, hansısa şübhələr qalır. O şübhələri aradan götürmək üçün biz də daha məharətlə təbliğat materialları yaymalı, marketinq işlərini daha güclü aparmalıyıq”.

S.Dübəndi  bildirib ki, yerli vətəndaşlar üçün daha sevimli və prioritet olan ölkələr ənənəvi olaraq, demək olar ki, ötən illərdəki kimi eynidir: “Onlar əsasən yay mövsümündə kurort imkanları olan ölkələrdir. Bu baxımdan ilk növbədə Türkiyəni qeyd edə bilərəm. Bilirsiniz ki, Türkiyədə geniş turizm, kurort imkanları var. Azərbaycan vətəndaşları üçün də Türkiyə həm qardaş ölkə olması, həm dil probleminin olmaması, həm də rahat uçuş imkanları baxımından sevimli ölkələrdən hesab olunur. Türkiyədən sonra Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misiri sadalamaq olar. Azərbaycanlıların daha çox üstünlük verdiyi Avropa ölkələrindən isə həm gediş-gəliş, həm də sərfəli olması baxımıdan Macarıstan və Monteneqronu qeyd edə bilərik. Həmçinin Azərbaycan vətəndaşları bəzi Asiya ölkələrinə də üstünlük verirlər”.

“Qiymət çeşidi isə fərqlidir, yəni azdan tutmuş çox bahalı turlara qədər qiymətlər dəyişir. Qiymətlər hotelin kateqoriyası, qida paketi, ekskursiyalar, əlavə xidmətlər, eləcə də nəqliyyatdan və s. asılı olaraq dəyişir. Ona görə də birmənalı hansısa qiymət demək olmur”, - Samir Dübəndi əlavə edib.

 

Sadiq Cavadov