“Son bir neçə ayda Azərbaycanın zərgərlik bazarında durğunluq yaşanır və alıcılıq qabiliyyəti aşağı düşüb”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

O bildirib ki, beynəlxalq mütəxəssislər qızılın ən stabil yatırım aləti kimi qiymətinin qalxmaqda davam edəcəyini proqnozlaşdırır: “Bu gün 999 əyarlı qızılın bir qramının qiyməti 75-76 dollardır. Proqnozlara görə, gələcəyə doğru artmaqda davam edəcək. Biz də müşahidələr aparacağıq. Təbii ki, ciddi bir sıçrayış, artım olduqda bu da zərgərlik bazarına təsir edəcək”.

T.Abbasquliyev xatırladıb ki, bir neçə aydır birjada qızılın qiyməti kifayət qədər yüksək olaraq qalır: “Bir qram qızılın qiyməti 74-76 dollar civarında dəyişir. Əslində, bu da zərgərlik məmulatlarının qiymətinə birbaşa təsir edir. Ucuzlaşmanı da müşahidə etmək olmaz. Yəni burada ciddi eniş və yaxud da qalxış olmalıdır ki, biz onu məmulatların qiymətində hiss edək. Yəni bir qram xam qızılın qiyməti ən azı 2-3 dollar enib və yaxud qalxmalıdır ki, o da zərgərlik məmulatlarının qiymətində öz əksini tapsın. Yoxsa belə çox cüzi fərqlər zərgərlik bazarında hər hansı qiymət dəyişikliyinə gətirib çıxarmır”.

Qeyd edək ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,22% azalaraq 2 364,3 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,85% azalaraq 30,58 ABŞ dollarına bərabər olub.

 

Sadiq Cavadov