Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində Agentlik tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 20-yə çatıb:

"Qanunvericiliyə uyğun olaraq nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Himayədar ailələrə verilən uşaqlardan 5-i oğlan, 15-i qızdır. Həmin uşaqlardan 10-u Bakı şəhərindəki, 10-u rayonlarda yaşayan (Lənkəran–2, Cəlilabad–1, Ağcabədi–1, Biləsuvar–1, Zaqatala–1, Gəncə–1, Göyçay–1, Şamaxı–1, Xaçmaz–1) himayədar ailələrə veriliblər". 

Xatırladaq ki, himayədar ailələrə hər uşağa görə (6 yaşadək uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 6 yaşadək uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat) aylıq müavinət təyin edilir.

Himayədar götürülmüş uşağa mövsümi geyim alınması üçün isə ailəyə hər rübdə 200 manat birdəfəlik müavinət təyin edilir.