Çinin əhalisi azalır və qocalır. Demoqrafik dəyişiklik son nəticədə ölkə iqtisadiyyatına zərər verəcək, işçi qüvvəsini azaldacaq və fiskal siyasətə təzyiq göstərəcək.

Bu barədə İqtisadiyyat.az "CNBC"ə istinadən xəbər verir.

Məlumata görə, Çində əmək qabiliyyətli əhalinin sayı qarşıdakı onillikdə o qədər sürətlə azalacaq ki, növbəti 10 il ərzində ölkə iqtisadiyyatında hər il 1% azalma müşahidə olunacaq.

Ölkədə yaşlanma nəticəsində yaranan maliyyə gərginliyi narahatlıq doğurur. Belə ki, iqtisadi artım məhsuldarlıqdan, kapital yığımından və işçi qüvvəsindən asılıdır. Mənfi demoqrafik mənzərənin təsiri ilk növbədə işçi qüvvəsinin azalması ilə özünü göstərəcək.

Bildirilib ki, pensiya yaşının artırılması uzunmüddətli fiskal tarazlığı qorumaq üçün bir neçə mümkün variantlardan biridir.  Qadınlar gec uşaq sahibi olmağı və ya ümumiyyətlə, uşaq sahibi olmamağı seçdikləri üçün bütün dünyada doğum nisbətləri aşağı düşür. 

Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkə əhalisi 2023-cü ildə ardıcıl ikinci ildir ki azalır. Belə ki, ötən il Çin əhalisi azalaraq 1,409 milyard nəfərə enib.

Çin əhalisinin 2050-ci ilə qədər 1,317 milyard nəfərə, 2100-cü ilə qədər isə təxminən yarıya qədər azalaraq 732 milyon nəfərə düşəcəyi gözlənilir.

 

Gözəl Həşimova