Ölkənin problemli sektorlarından biri də təəssüf ki, sığorta sektorudur. Əhalinin maarifləndirilməməsi, sığorta şirkət və agentliklərinə olan inamsızlıq da əsas səbəblərdən biridir. Məlum olan pozuntular, çatışmazlıqlardan əlavə təbii ki, diqqətdən kənarda qalan məqamlar da var.
Bu barədə sığorta eksperti İlkin İbrahimov öz feysbuk profilində sığorta ödənişi edildiyi zaman yol verilən pozuntu hallarından bəhs edən məlumat paylaşıb. Belə ki, vətəndaşlar sağlamlığa dəymiş ziyana görə ödəniş alarkən təyin olunandan daha az məbləğ aldıqlarından şikayətləniblər. Məlum məsələ ilə bağlı İlkin İbrahimov İqtisadiyyat.Az-a bildirib ki, bu tip problemlərlə mütəmadi qarşılaşırıq.
“Sağlamlığa dəymiş ziyan üzrə standart qaydada icbari sığortalar haqqında qanunun 14-cü maddəsində müəyyən məbləğlər müəyyən olunub. Məhkəmə tibbi ekspertizasının qərarı əsasında sağlamlığa dəymiş ziyan üzrə dərəcələr müəyyən olunur - yüngül, az ağır, ağır və ölüm halları. Bunlar müvafiq olaraq, yüngül 700 manat, az ağır 1500 manat, ağır ziyan 3000 manat və ölüm hallarında 5000 manat məbləğ sığorta kompensasiyası vətəndaşa verilir. Qaydaya əsasən, vətəndaşa dəymiş ziyanın müqabilində məhkəmə tibbi ekspertizasının rəyi ilə müvafiq ödənişlər olunur. Ancaq son zamanlar “Günay” və “Standart” sığorta şirkətlərindən vətəndaşlar şikayət edirlər. Şikayətə əsasən, şirkət onları özlərinə sərf edən ərizə forması yazmağa sövq edirlər. Yəni, vətəndaş yazsın ki, 700 manat yerinə 500 manat istəyirəm, 1500 yerinə 1000 istəyirəm və.s. Bu tam qanunsuzdur, vətəndaşlar bununla bağlı ilk növbədə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. İcbari sığortalar haqqında qeyd etdiyim 14-cü maddə məcburi xarakter daşıyır və sığorta haqqları ilə sığorta ödənişlərini birbaşa MBNP həyata keçirir. Eyni zamanda prosesin icrası ilə İcbari Sığorta Bürosu məşğul olur. İSB həmin məlumatları sonradan yoxlaya bilər.”
Sığorta ekspertinə şikayət edən vətəndaş F.Xancanovun problemi ilə bağlı “Günay” sığorta şirkəti ilə əlaqə saxladıq. Cavab isə birmənalı oldu. Şirkətin əməkdaşı bildirdi ki, qeydiyyat siyahısında belə bir müştəri yoxdur.
Digər şikayətçi N. Sadıqzadə isə “Standart” sığorta şirkətindəngileylənib. Belə ki, adıçəkilən şəxs idarə etdiyi avtomobillə piyada Ü.Tahirovanı vurub. Hadisədən dərhal sonra sığortalı şəxs müştərisi olduğu “Standart” sığorta şirkətindən ödəniş tələb edib. Lakin şirkət əməkdaşları zərərçəkənə təyin olunan 1500 manatın yalnız 1000 manatını təklif edib. Məsələ ilə bağlı “Standart” sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı bildirdi ki, vətəndaşa təyin olunan 1500 manat ilkin rəy əsasında deyilib və bu zaman heç bir tibbi ekspertiza aparılmayıb. Bir sözlə təyin olunmuş 1500 manat ödəniş heç bir əsası olmayan bir rəqəmdir. Vətəndaşın bu məsələ ilə bağlı şikayəti tam əsassızdır.
Hər iki şikayətlə bağlı sorğu ünvanladığımız İcbari Sığorta Bürosununun İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Nərmin Rəhimova bildirdi ki, təyin olunmuş məbləğin bir hissəsinin sığorta şirkətinə güzəşt edilməsi ilə bağlı şirkətlərin vətəndaşlara ərizə yazdırması qanunvericiliyə ziddir və bu kimi hallar yolverilməzdir.
“İSB tərəfindən indiyədək belə bir fakt aşkarlanmayıb. Bu kimi məsələlərə nəzarət mexanizmi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətindədir və belə şikayətlər də məhz bu orqana ünvanlanmalıdır.”
Növbəti üz tutduğumuz məmur Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyevisə İqtisadiyyat.az-a bildirdi ki, məsələ üzrə Palataya hər hansı şikayət daxil olmayıb.
“Elə bir faktımız yoxdur. Əgər bu barədə şikayət və ya faktla rastlaşsaq dərhal əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar istənilən pozuntu halları ilə üzləşsələr “966” qaynar xəttimizlə əlaqə saxlaya bilər”.