Ölkədə sığorta sisteminin özünün xarici ölkələrə nisbətən az inkişaf etməsi ilə yanaşı sığorta hüquq sistemində də bir sıra çatışmazlıqlar qeydə alınır. Bunlardan biri də məhkəmə sistemində bəzi məsələlərə dair yekun qayda-qanunun olmamasıdır.

Gündəlik avtomobil icarəyə verən şirkətlərin sığorta hüquqlarının tənzimlənməsi də belə məsələlərə aiddir. Bu barədə saytımıza müraciət daxil olub. Belə ki, gündəlik avtomobil icarəsi ilə məşğul olan sahibkar Qasımov Elgiz Şakir oğluna məxsus “Kia Sportage” avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilməyib. Qeyd olunan məsələ ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət edilmiş və iddia ərizəsi hakim Ceyhun Tağıyevin icraatına verilib.

Əvvəlcə onu nəzərinizə çatdıraq ki, gündəlik icarə ilə məşğul olan sahibkarlara sığorta haqqı bir avtomobil üçün 600-700 manat arasında dəyişir. Həmin məbləği ödəmək üçün sığorta şirkəti tərəfindən sahibkara 5 ay möhlət verilir. Bu müddət ərzində isə sığorta şirkətinin hər hansı bir əməkdaşı hər ayın müvafiq günü vətəndaşa zəng edərək ödəniş vaxtını bildirir. Sahibkar Qasımov Elgiz də qeyd olunan müddətin ilk 2 ayının ödənişini etmiş, lakin ödəniş vaxtı barədə məlumat verilmədiyi üçün 3-cü ayın məbləğini ödəməyib. Məhz bu ərəfədə sahibkarın mülkiyyətində olan həmin avtomobil yol-nəqliyyat hadisəsi törədib. Lakin sığorta şirkəti, Qasımov Elgiz tərəfindən 3-cü ayın ödənişi edilmədiyi üçün avtomobilə dəymiş ziyanı qarşılamaqdan boyun qaçırıb. Sahibkar Qasımov Elgiz də məsələ ilə bağlı olaraq Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Ekspertlərin sözlərinə əsasən, bu tipli hadisələr zamanı məhkəmə vətəndaşın xeyrinə yekun qərarlar çıxarır. Məsələn, Rusiyada sözügedən məsələ ilə bağlı  vətəndaşlar tərəfindən məhkəməyə müraciətlər edilib. Rusiya Federasiyasının Ali Arbitraj Məhkəməsinin Rəyasət heyətinin 28.11.2003, Rusiya Ali Məhkəməsinin Plenumunun 27.06.2013 tarixli müvafiq qərarlarına əsasən məhkəmə prosesi vətəndaşların xeyrinə yekunlaşıb. Sığorta ekspertləri bu baxımdan beynəlxalq qaydaların Azərbaycanda da tətbiq olunmasını təklif edirlər.

Sığorta eksperti İlkin İbrahimov məsələ ilə bağlı açıqlama verərkən eyni təcrübənin digər ölkələrdə də olduğunu, lakin vətəndaşa ödəniş edildiyini bildirib.

“Ancaq bizim məhkəmə sistemi hələ tərəddüd edir. Həmin məsələ ilə bağlı edilən müraciətlərdə dəqiq bilinmir ki, məhkəmə Rusiya təcrübəsindən istifadə edəcək, yaxud vətəndaşı incidəcək?! Cənab Prezidentin sonuncu məhkəmə islahatlarından ibarət olan fərmanında da qeyd olunub ki, iqtisadi işlərə dair məhkəmə təcrübələri formalaşdırılsın. Necə ki, vətəndaşlar bank kreditləri ilə əlaqədar müraciət etdilər ki, biz nə üçün manatla aldığımız məbləği dollarla qaytarmalıyıq? Konstitusiya Məhkəməsi də həm məhkəmələr, həm də vətəndaşlar üçün yekun qərar verdi. Ancaq sığorta işləri heç bir qayda-qanunla tənzimlənməyib. Niyə bizdə də Rusiya kimi, digər xarici ölkələr kimi konkret qaydalar olmasın?”

 

Mehman Nəbiyev