TƏBİB Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar növbəti məlumat yayıb.

Qurumdan İqtisadiyyat.az-a daxil olan məlumatda deyilir:

"Bu gün yerli vaxtla saat 08:16-da Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib. Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb. Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib".

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir.