“Sürücülər avtomobilin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olmalıdır”.

Bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov bildiirb.

O, vurğulayıb ki, sürücülər ötən il onlara verilmiş texniki baxış talonunda göstərilən tarixə fikir verməməlidir və bu ildən edilən dəyişikliklərə düzgün əməl etməlidir:

“Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla, müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq, baxışdan keçirilməlidir.

Texniki baxış vaxtını asanpay.az-da elektron kabinetindən yoxlamaq mümkündür

Sürücü baxış vaxtını unudubsa, tarixi asanpay.az portalında yaratdığı elektron kabinetdə xüsusi "texniki baxış” pəncərəsinə baxmaqla, DYP orqanları və ya yolda xidmət edən DYP əməkdaşlarından öyrənə bilər. Asanpay.az saytında sürücünün kabineti yoxdursa, "SMS Radar" xidmətinə qoşula bilər”.

Ekspert onu da bildirib ki, bu ildən cərimə kameralarla yazılır. Son müddətin bitdiyi günün sabahı kamera altından keçən sürücülər isə 50 manat məbləğində cərimələnir.

Qeyd edək ki, minik avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər - istehsal olunduğu ildən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Avtobuslar, icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və onların qoşquları istehsal olunduğu ildən sonrakı 2-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Texniki baxış Dövlət Yol Polisinin istənilən texniki baxış məntəqəsində keçirilə bilər. Texniki baxışın dövlət rüsumu avtomobilin növündən və digər göstəricilərindən asılı olmayaraq,  20 manat, qoşqular üçün isə 10 manatdır.(redaktor.az)