Dünyada 4,06 milyard hektar (ha) meşə sahəsi var ki, bu da ümumi ərazinin 31%-ni təşkil edir. 1990-cı ildən bəri dünyada meşələrin sahəsi 80 milyon hektardan çox azalıb. Eyni zamanda, son illər baş verən yanğınlar meşə örtüklərinin ciddi şəkildə kiçilməsinə səbəb olub.

İqtisadiyyat.az-ın araşdırmasına görə, dünya üzrə meşə sahəsinin 93%-i (3,75 milyard ha) təbii yolla bərpa olunan meşələrdən ibarətdir, 7%-i (290 milyon ha) isə əkilir.

Dünyadakı meşələrin yarıdan çoxu (54%) yalnız beş ölkədə cəmləşib. Rusiya 2021-ci ildə təxminən 815 milyon hektarla dünyanın ən böyük meşə örtüyünə sahib ölkəsi olub. Rusiyanın meşə sahəsi Kanadadan iki dəfə çoxdur.

Braziliya Rusiyadan sonra dünyada ikinci ən böyük meşə sahəsinə malik ölkədir. Cənubi Amerika ölkəsindəki ümumi meşə sahəsi təxminən 495 milyon hektar təşkil edib. Bu, əsasən Amazon tropik meşələrinin təxminən 62 faizinin Braziliyada yerləşməsi ilə əlaqədardır. Belə ki, Amazon Yer kürəsinin ən böyük meşəsi hesab olunur.

Dünyanın üçüncü ən böyük meşə sahəsi Kanadada yerləşir. Meşə təsərrüfatı sənayesi ölkənin ümumi daxili məhsuluna əhəmiyyətli töhfə verir.

Dünyada ən böyük meşə sahəsinə malik digər ölkələr isə bunlardır:

Ölkə

Meşə sahəsi

Rusiya

815 milyon ha

Braziliya

495 milyon ha

Kanada

347 milyon ha

ABŞ

310 milyon ha

Çin

222 milyon ha

Avstraliya

134 milyon ha

Konqo

125 milyon ha

İndoneziya

92 milyon ha

Hindistan

72 milyon ha

Peru

72 milyon ha

Əlavə edək ki, dünya meşələrinin 73%-i dövlət mülkiyyətindədir, 22%-i xüsusi mülkiyyətdədir.

Onu da qeyd edək ki, 1990-cı ildən bəri hər il təxminən 6 milyon hektar meşə sahəsi yox olur. Son onilliklərdə qlobal meşə sahəsi azalıb. Belə ki, 2021-ci ilə qədər dünya üzrə meşə sahəsi 1990-cı ildəki təxminən 4,24 milyard hektardan 4,06 milyard hektara qədər azalıb. 2023-cü ildə dünyada təxminən 28,3 milyon hektar ağac örtüyü itirilib ki, bu da əsrin əvvəlindən bəri üçüncü ən yüksək səviyyədir. Həmin il qlobal meşələrin qırılmasının əsas səbəbi meşə yanğınları olub.

Belə ki, ötən il dünyanın bir çox bölgələrində intensiv meşə yanğınları qeydə alınıb. Həmin il Kanadada meşə yanğını mart ayından noyabr ayına kimi davam edib. Nəticədə Kanada meşələrin qırılmasından ən çox zərər çəkən ölkə olub və demək olar ki, 8,6 milyon hektar ərazini itirib.

Meşələr həm də vacib bir karbon yuvasıdır və buna görə də qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün əsasdır.

 

Gözəl Həşimova