Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov bildirib ki, 2017-ci il iyulun 1-dən ilkin olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Onun sözlərinə görə, icbari tibbi sığortanın Şərur rayonunda da tətbiq edilməsi üçün bütün lazımi məlumatlar toplanılıb. Həmin məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları, reyestrlər yaradılıb. Tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edəcək.

Agentliyin direktoru bildirib ki, rayonda icbari tibbi sığortanın tətbiqinə hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq iyunun 1-dən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanacaq.

Müvafiq sərəncamda icbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb.