Fevralın 19-da Milli Məclis "Reklam haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. 

Qanunun 26.1-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Hazırda isə 26.1-ci maddəyə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir.

Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu Məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sənəddə, həmçinin açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılıması və eyni zamanda icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kv.m-dən 1 kv.m-dək azaldılması, bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.

Mövzu ilə əlaqədar olaraq Cebhe.info-nun suallarını cavablayan "Admedia" reklam agentliyinin marketing və satış şöbəsinin rəhbəri Ülvi Hüryanlı bildirib ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) yaranmamışdan əvvəl reklam daşıyıcıları və onlara icazələrin alınmasında müəyyən edilmiş müxtəlif qurumlar nəzarət edib:

“ADRA yarandıqdan sonra tam şəffaflaşdırılmış şəkildə reklamlara nəzarət olunur. Qeyd edim ki, artıq reklam qurğularının və ya reklam daşıyıcılarının yerləşdirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılıb. Bu isə yerli bazarda olan şirkətlərin və reklam agentliklərinin işini daha da asanlaşdırıb. Artıq hər kəs müəyyən çərçivələr daxilində öz şirkətinin reklamlarını daha çox yaya və daha çox adama çatdıra bilər”.

Ü.Hüryanlı əlavə edib ki, reklam bir investisyadır və qazanc gətirir:

“Hər bir şirkət isə reklam yayıcısını qanuni şəkildə dövlət rüsumu ilə yayımlanmalıdır. Verilən reklamlar nəzarətsiz qalsa, şəhərin estetik görünüşü daxil olmaqla, hətta ana dilimiz də unudular. Hazırda ADRA çalışır ki, şəhərin reklamların estetik görünüşü daha səliqəli və diqqətçəkən olsun. Əvvəllər buna tam nəzarət olunmurdu, indi isə hər bir reklam, agentlik tərəfindən təsdiqlənməmiş yayımlana bilməz. Düzdür, hər bir şəxs öz əmlakında reklam yaya bilər. Amma buna nəzarət edilməsə, çox lazımsız və qınaq obyektinə çevrilən reklamlar yayımlanacaq. İndi isə dövlət rüsumları daha az və sərfəlidir. Şəhərimizdə isə bəzi lazımsız qurğular aradan qaldırılıb və yerinə reklam şirkətləri tərəfindən daha yaxşıları quraşdırılıb”.

Hicranə İsmayılova