Azərbaycan və Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi ilə bağlı müzakirələr aparılıb.

İqtisadiyyat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr nazir müavini Samir Vəliyevin Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.

Bildirilib ki, müzakirələr zamanı AZURE layihəsi ilə bağlı görülmüş tədbirlər dəyərləndirilib, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçiriləcək 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının ötürücü şəbəkəyə qoşulması ilə bağlı görülmüş işlər nəzərdən keçirilib.

Həmçinin, 445 MVt gücündə “Biləsuvar” və 315 MVt gücündə “Bankə” günəş elektrik stansiyalarının şəbəkəyə qoşulması ilə bağlı həyata keçiriləcək tədbirlər və atılacaq növbəti addımlar müzakirə olunub. Layihələrin ötürücü şəbəkəyə qoşulması üçün elektrik verilişi xətlərinin tikintisinin icra qrafikinə uyğun təmin edilməsi prosesinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin enerji sahəsində əməkdaşlıqdan irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.