“Vətən müharibəsindən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib”. 

Bunu Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib. 

O qeyd edib ki, agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub:

“Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib”.

Qeyd edilib ki, yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.