Avtonəqliyyat vasitəsi sahiblərinin əksər sığorta şirkətlərindən narazılıqları artmaqdadır. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) avto-icbari sığorta üzrə şikayət indeksi ilə bağlı açıqladığı məlumatda bir daha öz əksini tapıb. Bankın məlumatına görə, vətəndaşların ən çox narazı olduğu sığorta şirkətlərinin siyahısında ilk üçlükdə “Xalq Sığorta”, “Bakı Sığorta” və “AtaSığorta” qərarlaşıb.

Bəs sürücülər sığorta şirkətlərindən niyə narazıdır?

Sığorta eksperti İlkin İbrahimov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, AMB hər ay avto-icbari sığorta üzrə sığorta şirkətlərinin şikayət indeksini hazırlayır.

Onun sözlərinə görə, indeks hazırlanarkən sığorta şirkətlərinin bazardakı payı və həmin şirkətlə bağlı şikayətlərin sayı əsas götürülür: “Bununla da ən çox şikayət olunan sığorta şirkətlərinin sıralaması müəyyən edilir. Artıq bir neçə aydır ki, qeyd olunan sığorta şirkətləri siyahıda daha yuxarı pillələrdə qərarlaşıb”.

Ekspert deyir ki, sürücülər əsasən sığorta şirkətlərindən onların düzgün qiymətləndirmə aparmamasına görə narazıdır: “Ümumiyyətlə, əsas şikayət olunan hissə qiymətləndirmə ilə bağlıdır. Yəni sığorta şirkətləri tərəfindən məbləğin düzgün təyin olunmaması vətəndaşların narazılığına səbəb olur. Bu məsələnin həlli ilə bağlı birinci növbədə Mərkəzi Bank məşğul olmalıdır. Mərkəzi Bankın da səlahiyyətləri var ki, qanun çərçivəsində həmin sığorta şirkətlərinə xəbərdarlıq, tənbeh tədbirləri görsün”.

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri ilə buradan tanış ola bilərsiniz.

Sadiq Cavadov