Niger prezidenti Mohamed Bazuma sadiq qalan Niger xüsusi əməliyyat qüvvələri paytaxt Niamey şəhərində milli televiziya və radio binalarının ətrafında mövqelər tutublar.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən xəbər verir.

"Əl-Cəzirə"də yer alan məlumata görə, ölkənin qərb bölgələrindən əlavə bölmələr Niameyə gəlməyə başlayıb.

Bundan əvvəl Prezident Administrasiyası ordu hissələrinin prezident qvardiyasının başlatdığı üsyana dəstək verməkdən imtina etdiyini açıqlamışdı.

"Ordu üsyançılara ultimatum təqdim edib", - AFP administrasiya rəsmisindən sitat gətirir.

Qeyd edək ki, bu gün səhər saatlarında Prezident Qvardiyasının bir qrup hərbçisi Niameydəki prezident sarayının qarşısını kəsərək, prezidenti və ailəsini girov götürüb. Üsyançılar daxili işlər nazirini də saxlayıblar.

*** 

Bir qrup əsgər Nigerin paytaxtı Niameydə Prezident Sarayını mühasirəyə alıb. Prezident Bazumun sarayda əsgərlər tərəfindən saxlanıldığı bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, hərbi maşınlar Prezident Sarayının girişini bağlayıb. Təhlükəsizlik mənbələri sarayın yanındakı nazirliklərə girişin də bağlandığını bildirib.

Prezident Mohamed Bazoumun saray daxilində əsgərlər tərəfindən saxlanıldığı bildirilir.

Niger Prezident Administrasiyası Prezident Qvardiyası Alayının ünsürlərinin “anti-respublika təşəbbüsü” başladaraq prezidentə qarşı çıxdıqlarını və bu çevriliş cəhdinin davam edəcəyi təqdirdə ordu ilə cavab verəcəklərini açıqlayıb.