Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşevə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, cərimə protokolu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib edilib.

Belə ki, DƏMX daxil olan müraciətlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı işçilərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi aşkarlanıb. 

Buna görə də protokol tərtib olunub. Protokoldan narazı olan Nəriman Topçibaşev isə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Onun qərardan verdiyi şikayət hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “PMD Group”un törəməsi olan “PMD Projects” Azərbaycanda daşınmaz əmlak, turizm, kənd təsərrüfatı və s. böyük layihələrin portfelinə sahibdir. Şirkət yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.