Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur. Rəsmi məlumata əsasən, hazırda qeyd olunan ərazilərdə havada tozun miqdarı normadan 4-4.5 dəfə çoxdur. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli İqtisadiyyat.az-a açıqlamasında hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən toz dumanına ilk dəfə deyil, hər zaman rast gəlindiyini xatırladıb.
O, dünyanın bir çox ölkələrinin belə hallarla üzləşdiyini bildirib: “Toz dumanı Böyük Səhradan bəzən bizə də gəlib çatır. İran, Türkiyə üzərindən tozlu havalar buraya qədər gəlib çıxa bilir. Belə hallar zamanı müvafiq qurumlar tərəfindən əhaliyə maskalardan istifadə etmək, küçəyə çox çıxmamaq və s. kimi xəbərdarlıqlar olunur”.
Ekoloqun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda müşahidə edilən toz dumanı Şərqdən, Türkmənistan səhralarından ölkə ərazisinə daxil olub:
“Xəzər üzərindən tez-tez belə toz dumanı ölkəyə gəlir. Əsasən, tozlar şərq küləkləri vasitəsilə Azərbaycan ərazisinə daxil olur. Xəzər sahili boyunca hər yanda bunu müşahidə etmək mümkündür. Toz dumanı ölkənin içərilərinə doğru gedə bilməsə də, Xəzər sahilinə yaxın ərazilərimizə təsir göstərir və bir neçə gün davam edir. Tozun nə vaxtadək davam etmə müddəti isə onun kütləsindən asılı olaraq dəyişir”.
Q.İbrahimli həmçinin tozlu hava şəraitinin ekoloji fəsadlarından da danışıb: “Birinci növbədə insanların sağlamlıqlarında müəyyən problemlərə səbəb ola, nəfəsalmanı çətinləşdirə, orqanizmə təsir edə bilər. Eləcə də bitkilərə də müəyyən təsirlər göstərə bilər. Düzdür, bu dəqiqə vegetasiya prosesi deyil, bütün meyvə və tərəvəz yığım sezonundadır. Ona görə də elə bir təhlükəsi yoxdur. Əsas təhlükə heyvan və insanlaradır. Xüsusən də bronxial astma xəstələrinin sağlamlığına ciddi təsir edə bilər”.
Tibb mütəxəssisləri isə deyir ki, tozlu hava şəraiti bir sıra ekoloji fəsadlarla yanaşı insanların sağlamlığına da təsirsiz ötüşmür. Belə hava şəraitinə məruz qalan insanların nəfəsalma, allergiya və s. kimi problemlərə üzləşməsi riski artır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında içməli suyun və havanın təmizlik göstəriciləri ilə bağlı normaların olduğunu bildirib.
O söyləyib ki, havada təmizlik göstəricilərinə nəinki tozlar, ümumiyyətlə havanın tərkibində olan müxtəlif kanserogen maddələr, benzokain törəmələri, polisiklik aromatik karbohidratlar təsir göstərir:
“Bunlar, adətən, avtomobil yanacağının yanmasından, benzinin natamam alışmasından əmələ gələn və havaya buraxılan emissiyadır. Bütün bunlar iri şəhərlərdə, urbanizasiya gedən yerlərdə xərçəng şişinin əmələ gəlməsinə səbəb olur. Tütün tüstüsü, elektron qəlyanlar, siqaretlər və s. havada zərərli maddələrin miqdarını artırır. Həmçinin müxtəlif tikintilərdən atılan tozlar da havada insan sağlamlığı üçün təhlükəli konsentrasiyalı maddələrin miqdarını artırır. Bununla yanaşı, bəzən havada müxtəlif tozlar hiss olunur. Bu tozlar müxtəlif yerlərdən küləklə daşınır”.
A.Qeybulla hazırda qlobal iqlim dəyişikliyinin hökm sürdüyünü xatırladıb.
Eyni zamanda o vurğulayıb ki, ayrı-ayrı yerlərdən müxtəlif siklonların, hava cərəyanlarının gəlməsi özləri ilə müxtəlif tozları gətirə və insanların sağlamlığını təhdid altında qoya bilər:
“Ölkə ərazisində daxil olan tozların bəzən mənşəyi elan edilməsə də, amma müxtəlif ölkələrdən daxil olduğu aydındır. Əlbəttə, belə tozlar nəfəs yolunu qıcıqlandırır. Amma əsas diqqət yetirməli məsələ bu tozların tərkibidir. Onların tərkibində radiokativ maddələrin olub-olmaması, hansısa tikinti prosesi zamanı havaya atılan toz olması aydınlaşdırılmalıdır. Ona görə də ilk olaraq havadakı tozun mənşəyi bilinməli, daha sonra ona uyğun tədbirlər görülməlidir”.
Professor vurğulayıb ki, tozlu hava şəraiti bir çox sağlamlıq problemlərinə səbəb ola bilər: “Tozlu hava şəraitində nəfəs alma çətinləşir və tənəffüs yollarında qıcıqlanmaya səbəb olur. Bu, xüsusilə astma, bronxit və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olan insanlarda simptomları ağırlaşdıra bilər. Həmçinin havada olan toz hissəcikləri, xüsusilə polen və digər allergenlərlə zəngindirsə, allergik reaksiyalara səbəb ola bilər. Bu, burun axması, gözlərdə qaşınma və qızartı, habelə öskürək kimi simptomlarla özünü göstərə bilər. Bundan başqa, tozlu havaya uzun müddət məruz qaldıqda ürək-damar sisteminə də mənfi təsir göstərə bilər. Toz hissəcikləri qan dövranına daxil olaraq qan təzyiqini artırır və infarkt riskini yüksəldə bilər. Eyni zamanda, toz hissəcikləri dəridə qıcıqlanmaya, quruluğa və hətta iltihaba səbəb olması ilə yanaşı, gözlərdə qıcıqlanmaya, qızartıya və qaşınmaya da gətirib çıxara bilər. Belə hallar zamanı insanların havada çox qalmaması, yaxud havaya çıxarkən xüsusi maskalardan istifadə etmələri tövsiyə olunur”.
Sadiq Cavadov