Məlumat verdiyimiz kimi, ölkə rəhbərinin tapşırığına əsasən keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlər tikiləcək, onlar üçün inşa olunmuş mənzillər isə şəhid ailələrinə veriləcək. Hazırda isə həmin mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır.

Bununla yanaşı aktuallığını qoruyan daha bir məsələ isə çoxsaylı keçmiş məcburi köçkünün digər şəxslərə məxsus mənzillərdə müvəqqəti məskunlaşdırılmasıdır. Hazırki dönəmdə Azərbaycan bütövlüyünü tam bərpa etdiyi üçün digər şəxslərin mülkiyyətində olan evlərin də sahiblərinə qaytarılması məsələsi diqqət çəkir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev İqtisadiyyat.az saytına açıqlama verib:

“Komitə bu məsələni diqqət mərkəzində saxlayır. Keçmiş köçkünlərin yurd yerlərinə qaytarılması, onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsi aktual olduğu kimi bu məsələ də mərhələli şəkildə həyata keçiriləcək. Mənzillərində məcburi köçkünlər yaşayan vətəndaşların problemləri tezliklə öz həllini tapacaq.”

Xatırladaq ki, dövlət başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.