Daşınmaz əmlak sektorunda milyardlarla var-dövlət necə əldə edilir? Dünyanın əmlak kralları adlanan aşağıda adları çəkiləcək şəxslərin həyatı buna maraqlı nümunədir. Təcrübə göstərir ki, böyük əmlak sahibi olmaq üçün qaydaların, stereotiplərin və trendlərin əksinə hərəkət etmək, risk etmək və başqalarının əhəmiyyət vermədiyi perspektivli bazarlarda developmentlə məşğul olmaq lazımdır.

Bu strategiya həmişə işləyir və hətta insan öz işində həyatı boyu çalışdığı uğura çata bilməsə də, bunu onun övladları və nəvələri edəcək – alınan əmlak qalır axı. Dünyanın ən böyük 5 əmlak sahibinin - əmlak krallarının həyatı buna ğariz nümunədir. Onların təcrübəsi göstərir ki, əsas diqqət yetiriləsi bazarlar 3 istiqamətdədir. Bunlar riteyl, telekommunikasiya və dağ-mədən sənayesidir. Ən varlı əmlak sahiblərinin TOP-5-liyində ilk 3 yeri çinlilər sonrakı yerləri isə ABŞ və Britaniya vətəndaşları tutur. Beləliklə&hellip,

Li Şau Ki – 19 milyard dollarlıq əmlakı var

Honkonqdan olan əmlak milyardçısı Li Şauki (Lee Shau Kee) 1928-ci ildə anadan olub və onkonqda ikinci varlı şəx sayılır. Əmlak yatırımları sahəsindəki uğurlarına görə onu Honkonqun Uorren Baffeti də adlandırırlar.

Cənab Li Henderson Land Development Co. Ltd şirkətinin yaradacısı, sahibi, sədri və maliyyə direktorudur. Bu daşınmaz əmlak dövriyyəsinə görə Çinin 3-cü böyük şirıəti sayılır. Və faktiki olaraq layihələr üçün bütöv biznes tsikli yerinə yetirir: yatırımlar təşkil edir, tikintiyə nəzarət və obyektləri idarə edir, otel və univermaq şəbəkələri üçün icarəçiləri və idarəçiləri cəlb edir. Eləcə də bu şirkət mühüm infrastruktur şəbəkələrini - qaz, su kəmərlərini, elektrik yarımstansiyalarını, anbarları və sairi idarə edir. Li Şau Ki bu şirkətin təqribən 62%-nin sahibidir, qalan səhmlər minlərlə çinli vətəndaşlara məxsusdur.

Şau Ki imperiyasıneın ikinci sütunu – Honkonqun əsas qaz şəbəkəsdir. Əhalini, biznesi və dövlət müəssisələrini azla təmin edən bu şəbəkə yerli bazarın 85%-nə nəzarət edir, İmperiyanın 3-cü sütunu dövlətə məxsus olan «Mainland» holdinqinə daxil olan bir neçə şirkətlərdə iri səhm paketləridir. Belə şirkətlərin birində - «Mainland China»da onun şirkəti «Henderson Land Development Co. Ltd» 37,15% səhmlə əsas səhmdardır.
Li Şau Kinin biznesinin 4-cü sütunu pərakəndə ticarət və xidmət şəbəkələridir. Buraya «Miramar» hotelləri və DKNY mağazaları aiddir. Həmin mağazalar Rusiya, Ukrayna, Türkiyə, İspaniya, İtaliya və başqa ölkələrə yayılıb.

Li Şau Ki var-dövlətə tərəf ilk addımını 1945-ci ildə atıb. Həmin vaxt 17 yaşlı gənc bütün ailəsini və pullarını kommunizmin qurulduğu Çindən çıxararaq Honkonqa apardı. 1958-dək Li topdansatış ticarəti ilə – idxal-ixrac əməliyyatları ilə məşğul idi. 30 yaşında isə dostları ilə birlikdə daşınmaz əmlakı şirkəti yaradaraq ilk müqaviləsini bağladı. Yeni sahənin «dadını» hiss etdikjən sonra cənab Li 1963-cü ildə özünün şəxsi «Hung Kai Properties» əmlak şirkətini yaratdı. Yeni şirkət kömək balığı kimi qarşısına çıxan bütün əmlakları və onunla əlaqədar biznesləri udurdu. Cəmi 10 ildən sonra biznes elə miqyaslar aldı ki, cənab Li 1973-cü ildə şirkəi bir neçə istiqaməti olan qrupa çevirdi. «Henderson Land Development» şirkəti belə yarandı və 1981-ci ildə Honkonq Fond Birjasına çıxdı.

1989-cu ildə birjada əlavə vəsait cəlb edən Li tamamilə yenm «Citistore» mağazalar şəbəkəsini yaradır. 1992-də isə qrupun fəaliyyətinə hotel biznesi də əlavə olundu.
Li Şau Kinin varlanması Honkonqun iqtisadi inkişafı ilə birlikdə baş verirdi, onun biznesi isə Honkonq və Çindən kənara çıxmır. Miramar otel qrupu, qaz operatoru və «Hong Kong Ferry» bərə daşıyıcı şirkəti kiçik əraziləri əhatə edir. Çoxsaylı övladları və nəvələri olan cənab Li bir qədər əvvəl məşhur aktrisa ilə ailə qurub. 13 milyon dollara başa gələn toy mərasimi Avstraliyanın Sidney şəhərindəki Botanika Bağında baş tutub.


Kvok qardaşları - 18,3 milyard dollar

Dünyanın əmlak krallarının siyahısında 2-ci yeridə çinlilər, özü də birdən-birə 3 qardaş tutur. Kvok qardaşları (Reymond, Tomas və Volter) 1990-cı illərdə, ataları məşhur biznesmen Kvok Tak Senqanın ölümündən sonra onun varidatına yiyələnməklə ortaya çıxdılar. Ata Kvokun yaratdığı nəhəng «Hong Kong's Sun Hung Kai» konporasiyasının bazar dəyəri indi 19 milyvrd dollar ətrafındadır.

Hazırda Kvok ailəsi 1969-cu ildə yaradılmış bu «gənc» şrkətin səhmlərinin 43,3%-nə malikdir. Şirkətin səhmləri 1972-ci ildən Honkonq Fond Birjasındadır. Bütün çinlilərdə olduğu kimi, ata Kvok Tak Senqa da oğullarını dərhal bu biznesə yönləndirdi. Məhz buna görə şirkət dəfələrlə Asiyanın ən yaxşı ailəvi şirkəti nominasiyasında qalib gəlib. Amma titullar öz yerində, ekspertlər bildirir ki, hazırda şirkət Çindəki torpaq qiymətlərindən həddən artıq çox asılıdır. Məsələ bundadır ki, şirkətin Çində 9 milyon kvadratmetr kommersiya obyekti var. Daha 5 milyon kvadrat kommersiya obyekti Honkonqdadır.

Ata Kvokun ölümündən sonra «Hong Kong's Sun Hung Kai» şirkətinin əsas səhm sahibi böyük qardaş Uolter Kvok oldu. Uolterin işləri əvvəlcə uğursuz idi – atası onu sevdiyi qadınla ailə qurmağa imkan vermədi və daha varlı ailə ilə evləndirdi. Bu ailə tezliklə dağıldı, Uolterin özünü isə oğurladılar. Kvok ailəsi onu azad etmək üçün böyük vəsait ödəmişdi. Baş verənlərdən sonra Uolter biznesdən kənara çəkilərək şirkətin idarəçiliyini kiçik qardaşlarının öhdəsinə buraxdı.

Əvvəlcə Raymond və Tomas şirkəti uğurla idarə edirdilər, amma sonradan istiqaməti itirdilər. Bunun əsas səbəbi, ailə biznesinə kənar şəxslərin – qardaşların yaxınları olan qadınların qarışması olmuşdu. İş o yerə çatmışdı ki, şirkətdə qərarlar qardaşların iradəsi olmadan verilirdi. Nəticədə 2008-ci ildə Uolter şirkətin rəhbərliyini ələ almalı oldu.

Çin mətbuatında yazılır ki, «Hong Kong's Sun Hung Kai»in idarə olunmasında qardaşların anası da iştirak edir. Onun əsas vəzifəsi qardaşlar arasında fikir ayrılıqlarını aradan qaldırmaq və ailə biznesin qorumaqdır. Hərçənd hazırda buna ehtiyac qalmayıb. Bir qədər əvvə Kvok qardaşları korrupsiya ittihamı ilə Honkonqda həbs ediliblər və onlara şirkəti idarə etmək qadağan olunub. Amma onlar yenə də şirkətin sahibləri olaraq qalırlar.


Donald Bren - 13 milyard dollarlıq əmlakı var

Dünyanın «əmlak kral»ları arasında 3-cü yeri amerikalı biznesmen, daşınmaz əmlaka investisiyalar üzrə ixtisaslaşmış Irvine şirkətinin sahibi Donald Bren tutur. 1932-ci ildə anadan olmuş Breni «amerikan arzusu»sunun simvolu saymaq olar. Biznesə başlayanda cibində bir qəpiyi olmayan gənc sonradan milyardçıya çevrildi.

Vaşinqton Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan Bren ABŞ silahlı qüvvələrində dəniz piyadası zabiti olub. Biznesə gənc yaşında – 26 yaşda başlayan Bren Kaliforniya ştatındakı Orange qraflığında tikinti şirkəti yaratdı. Sonra daha 2 tərəfdaşı ilə Kaliforniya torpaqlarında 10 min akr (təqribən 4 min hektar) torpaq alan Bren burada Mişen-Vyexo şəhərni tikməyə başladı.

1977-dəki iqtisadi böhran zamanı Bren, bir neçə digər investorla birlikdə 146 illik tarixi olan «Irvine» şirkətinin səhmlərini aldı. Bren əvvəlcə burada 34,3% paya malik idi, və direktorlar şurasının sədr müavini oldu. 1983-də o şirkətin nəzarət səhm zərfini, 1996-da isə səhmlərin hamısını alaraq şirkətin tək sahibinə çevrildi. 2008-də «Forbes» jurnalı Breni 400 ən varlı amerikalılar sırasına daxil etdi və bildirdi ki, o ABŞ-ın ən böyük tikinti şirkətinə sahibdir.

Son 30 ildir ki, Bren torpaqları və pullarını xeyriyyəçilik məqsədilə paylayır. İndiyədək o Kaliforniyadakı doğma Orange County qraflığına 200 kvadrat kilometr bağışlayıb. Bir şərtlə ki, həmin ərazilər istirahət zonaları və park kimi istifadə ediləcək. Donald Bren məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarseneqqerin də dostudur. 2011-ci ildən etibarən isə Bren xeyriyyə məqsədilə günəş energetikasına yatırım edir.


Cerald Kavendiş Qrosvenor – 11 milyrd dollarlıq əmlakı var

Britaniyalı keçmiş hərbçi Cerald Kavendiş Qrosvenor əmlakının həcminə və varidatına görə, siyahıdakı digər əmlak krallarından geri qalsa da, yəqin ki, digər krallar ona həsəd apararlar. Çünki Kavendiş dünyanın ən məşhur əmlak bazarında – Britaniyada ən məşhur payçıdır.

General-mayor, altıncı Vestminster hersoqu Cerald Kavendiş Qrosvenor 1951-ci ildə anadan olub və dərhal da onun ailəsinə məxsus olan «Grosvenor» şirkətinin sahibinə çevrilib. Hələ 2012-ci ildə onun əmlakı 7,4 milyard funt sterlinq idi ki, bu da onu dünyada 7-ci, Britaniyada isə 1-ci yerə çıxarırdı. Ona məxsus olan «Grosvenor» əmlak şirkəti hersoqu ölkənin ən varlı inşaatçısına və ən böyük torpaq sahibinə çevirib.
Onun Oksfordda, Çeşir qraflığında və Şotlandiyada torpaqları var. Eləcə də, Londonun ən bahalı məhəllələri – dünya investorlarının xəyalı sayılan - Mayfair və Belqraviyada böyük torpaqlara sahibdir. Hersoqun İtaliya, Fransa və Rusiyada da böyük torpaqları və əmlakları var. Ümumiyyətlə, hersoq «Qrosvenor» şirkətinin vasitəsilə dünyanın 5 qitəsində əmlaklara malikdir.

Bütün bu əmlakı babalarından miras kimi alan hersoq əvvəlcə bizneslə o qədər də maraqlınmır, orduya gedib karfera qururdu. Burada o general mayor rütbəsinə və ehtiyat ordunun komandirinin mavini vəzifəsinə qədər yüksəldi. Bu dövrdə onun var-dövləti də böyüyürdü, amma bu onun şəxsi işgüzarlığının deyil, Londonda torpaqların bahalaşması və menecerlərinin diribaşlığı səbəbindən baş verirdi.

Hazırda aktivləri 17 milyard dollar olan şirkət iznesi şaxələndirmək üçün London birjasında əmlak şirkətlərinin səhmlərini də alır. Hazırda şirkətin ən qiymətli aktivi Londonun Belqraviya rayonunda 190 hektarlıq ərazidir. Məlumat üçün deyək ki, Belqraviya Britaniyanın, ümumiyyətlə dünyanın ən bahalı ərazilərindən biri sayılır və burada evlərin qiyməti 150 milyon dollardan başlayır.

Bundan başqa, Kavendiş Şotlandiyada 40 min hektar, İstaniyada 14 min hektar, İngiltərədə isə minlərlə yerdə torpaq sahələrinə malikdir. Bu əmlaklar daim dövriyyədədir və əmlak bazarındakı vəziyyətdən asılı olaraq alınıb, satılır. Beləliklə, Cerald zadəgan ailəsində doğulmağın dadını çıxarır.


«Zərgərlər kralı» Çen Yu Tunq - 9 milyard dollarlıq əmlakı var

Dünyanın əmlak krallarının ilk 5-liyini 9 milyard dollarlıq varidatla, həm də «Zərgərlər kralı» sayılan Çen Yu Tunq tamamlayır. 92 yaşlı Yu Tunq Çində doğulsa da, onun bütün həyatı Honkonqda keçib və o indi həmin şəhərin ən uğurlu milyardçılarındandır.

Honkonq və Makaodakı əmlaklarını da nəzərə alanda Yu Tunqun bütün varidatı 9 milyard dollara bərabərdir. Zənginliyinə görə o birinci sayılmasa da, Çen varlılar arasında ən tanınmışı və avtoritetlisidir. Onun dünyanın nümayəndəsi də saymaq olar – Çen çoxsaylı ölkələrin titul və mükafatlarına layiq görülüb, güclü əlaqələri var və bütün dünyada iş görür. Məsələn, Ukraynada, Dnepr çayı üzərindəki körpünü məhz Çenin şirkəti inşa etmişdi. Bundan başqa, Çen 2004-cü ildən Butan krallığının fəxri konsulu sayılır və krallığı Honkonqda təmsil edir. Zirək milyardçı hətta Fransa hökumətinin Fəxri Legion ordeni ilə də mükafatlandırılıb və bir neçə ölkənin universitetlərində akademik diplomlara malikdir.

Amma onun ən ciddi titulu – qeyri-rəsmi «Zərgərlər kralı»dır. Bu adı ona qızıl və zinətə əşyaları biznesi ilə məşğul olanlar diribaşlığına görə, və sektordakı nüfuzuna görə veriblər. Bundan sonra Çen həmin titulu brilyant ticaətçiləri arasında da qazandı. Daşınmaz əmlak biznesi ilə Yu Tunqun «New World Development Company Limited» şirkətinin Honkonq bölməsi məşğul olur. Çenin yaratdığı bu şirkət Honkonqda ən böyük şirətlər qrupu sayılır. Buraya daşınmaz əmlak, infrastruktur tikintisi və hotel biznes idə daxildir.

Son illər isə şirkət pərakəndə ticarətə üstünlük verməyə başlayıb. İlk növbədə bunlar «Chow Tai Fook» zərgərlik malları mağazaları şəbəkəsidir. Həmin şəbəkə birjada əməlli başlı «bum» yaratmışdı. Bundan başqa, Çen Çinin «China Rongsheng Heavy» gəmiqayırma şirkətinin və «Xinjiang Goldwind Science» elmi şirkətinin səhmlərini də əldə edib. Onun oğulları Henri və Piter, eləcə də nəvəsi Adrian «New World Development» şirkətinin baş ofisində işləyirlər.

Bütün çinli milyardçılarda olduğu kimi, konservativlik və yerli Çin bazarına sərt bağlılıq Çenin biznesinə də aiddir. Amma bu ona biznesini həm ölkələr, həm də sahələr üzrə bölməyə mane olmayıb.

Beləliklə, haqqında danışılan 5 «əmlak kralı»nın hər birinin tarixçəsi fərqlidir və göstərir ki, uğur qazanmaq üçün standart resept yoxdur, sadəcə ümumi axının içərisində fərqli qərarlar qəbul etmək, ən əsası, başqalarının diqqət yetirmədiyi imkanları görmək lazımdır.

FED.az