Xəbər verdiyimiz kimi, bu gün Bakı-Quba yolunda iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha on səkkiz nəfər isə yaralanıb. Bu, son illər baş verən ağır sərnişin avtobusu qəzalarından növbətisidir. Qəzaların baş verməsi isə müxtəlif səbəblərlə əlaqələndirilir. Ekspertlərin fikrincə, avtobusların iştirakı ilə baş verən belə qəzalarda sürücü məsuliyyətsizliyi ilə yanaşı, istismara yararsız nəqliyyat vasitələrinin hələ də xidmətə cəlb olunması rol oynayır.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında konkret olaraq bugünkü hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı məlumatının olmadığını, ona görə də məsələyə münasibətinin ehtimal xarakterli olacağını deyib.

O, bu kimi qəzaların baş verməsində ümumi problemlərə toxunub: “Ümumi problem də ondan ibarətdir ki, bu dəqiqə ictimai nəqliyyatda həm texnika, həm də sürücü peşəkarlığı ilə bağlı problemlər mövcuddur. Bundan əlavə, sürücülərin əmək şəraiti, yəni sürücülərin iş, istirahət rejimi, onların işinin təşkili məsələlərində problemlər var. Ümumiyyətlə, ölkəmizdə yol hərəkəti təhülkəsizliyinin səviyyəsi də ürəkaçan deyil. Buna görə də belə hadisələrdə ümumi yol hərəkəti təhlükəsizliyinin səviyyəsi, yollarda gərgin və çətin yol şəraiti öz sözünü deyə bilər. Daha sonra yolun mühəndis-texniki işlərinin təşkili məsələsi də mümkün riskləri doğurur”.

Həmçinin avtobus parkının köhnə olduğunu vurğulayan ekspertin sözlərinə görə, marşrut xəttinə buraxılan avtobusların 85%-i 10 ildən yuxarı istismar olunan ictimai nəqliyyat vasitələridir: “Burada söhbət təkcə Bakıdan getmir, bütün ölkə üzrə belədir. Avtobusların ən azı 85%-i 10 ildən yuxarı istismar olunub. Onlara hansı səviyyədə texniki qulluğun göstərilməsi, nə dərəcədə peşəkar, səriştəli, keyfiyyətli materiallarla, keyfiyyətli xidmətlə təchiz olunması sual altındadır. Bax bunların hamısına diqqət etmək lazımdır. Həmçinin sürücü peşəkarlığı ilə bağlı suallar ola bilər. Onların əməyinin təşkili, iş və istirahətlərinin düzgün qurulması kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Məsələn, sürücü sükan arxasında yuxulaya bilər. Həmçinin nəzarətsizlik səbəbindən sürücü sükan arxasında başqa işlə məşğul ola bilər. Bütün bunlar mümkün qəza şəraiti yaradan amillərdir”.

Hüquqşünas həmçinin ümumi olaraq, yollarda aqressiv mühitin olduğunu da qeyd edib. O bildirib ki, bəzi sürücülərin aqressiv mühitin doğurduğu şəraitdən irəli gələrək çox lazımsız və sərt manevrlərə yol verməsi halları müşahidə olunur: “Buna görə də bütün bu məsələlər üzrə ciddi işlər aparılmalıdır. Bu, təkcə ictimai nəqliyyatın deyil, ümumən ölkəmizin yol hərəkəti təhlükəsizliynin problemidir”.

 

Sadiq Cavadov