İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-də başlayan müharibənin artıq 1 ayı tamam olur.

İqtisadiyyat.az bu müddət ərzində baş verənləri qısa analiz edib.

Belə ki, Qəzza zolağında gedən döyüşlərdə mülki əhalinin evləri dağılıb, milyondan çox insan evlərindən didərgin düşüb.

Oktyabrın 7-dən bəri Qəzzada 10 mindən çox insan həyatını itirib, ən azı 25 min nəfər isə yaralanıb. Ölənlərdən 2 min 641-i qadın, 4 min 104-ü uşaq, 47-si isə jurnalistdir.

İsrail müharibədə 347-i əsgər olmaqla 1400-dən çox vətəndaşının öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

Toqquşmalar nəticəsində Qəzzada 10 min bina dağıdılıb, ümumilikdə isə 222 min ev zərər görüb. Bundan əlavə, 192 məscid zədələnib, 56-sı isə tamamilə dağılıb. Eyni zamanda, 7 kilsə və BMT-yə məxsus 42 binaya da ziyan dəyib.

Məlumata görə, Qəzza zolağında 32 təcili tibbi yardım maşını və 113 səhiyyə müəssisəsi ciddi ziyan görüb, 16 xəstəxana və 32 sağlamlıq mərkəzi isə artıq xidmət göstərmir.

Bundan əlavə, qanlı toqquşmalara görə Qəzza zolağında yaşayanların 70%-i evlərini tərk etmək məcburiyyətində qalıb.

1 aydır davam edən müharibə İsrail iqtisadiyyatına da ciddi ziyan vurub. Belə ki, müharibə ölkə iqtisadiyyatında durğunluğa, yerli valyutanın devalvasiyasına və birjada geriləməyə səbəb olub. Digər tərəfdən, İsrail şekeli dollar qarşısında son 11 ilin ən aşağı səviyyəsinə düşüb.

O cümlədən, 350 min israillinin Qəzza zolağına və Livan sərhədinə ehtiyat hərbi xidmətə göndərilməsi işçi qüvvəsinə mənfi təsir göstərib.

Mütəxəssislərin fikrincə, HƏMAS qruplaşması ilə müharibə İsrailin ümumi daxili məhsulunu (ÜDM) bu ilin sonuna kimi 454 milyard dollara qədər və ya 4% kiçildə bilər.

Dünya Bankının məlumatına görə, İsrail-HƏMAS müharibəsi daha da gərginləşərsə, qlobal iqtisadi itkilər 2 trilyon dollara çata bilər. Ən pis ssenaridə Yaxın Şərqdə mülayim tənəzzül başlaya bilər və neftin qiyməti çox güman ki, bir barel üçün 150 dollara qədər yüksələ bilər.

 

Gözəl Həşimova