Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər və Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəkləri ilə hədələyiblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliya sədrliyi tərəfindən çağırılan və videokonfrans vasitəsilə keçirilən fövqəladə iclasın yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.

Sənəddə deyilir: "Biz İrandan və onun müvəkkillərindən hücumlarını dayandırmağı tələb edirik və indi və gələcək sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq. İranın İsrailə misli görünməmiş hücumunu qəti şəkildə pisləyir və İsrailə güzəştsiz dəstək və tam həmrəylik ifadə edirik". 

Sənəddə qeyd edilir ki, İran öz hərəkətləri ilə regionda sabitliyi pozmağa daha da yaxınlaşıb və regional eskalasiyaya səbəb ola bilər: "Biz vəziyyəti sabitləşdirmək və daha da gərginləşməsinin qarşısını almaq üçün işi davam etdirəcəyik".

***

19:59

Yeddilik Qrupu (G7) ölkələri İranın İsrailə hücumunu pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel G7-nin iclasının yekunlarına dair açıqlama verib.

"Böyük yeddilik ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır", - o, "X" hesabında yazıb.

Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək: "Qəzza zolağında atəşkəs yolu ilə böhrana mümkün qədər tez son qoyulması fərq yaradacaq".

Mişel əlavə edib: "Yaxın Şərqdəki, o cümlədən Livandakı vəziyyət gələn həftə Avropa Şurasında müzakirə olunacaq".