Fransanın cənubunda meşə yanğını səbəbindən 3 mindən çox turist düşərgəsindən təxliyyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, həyəcan siqnalı yerli vaxtla təxminən saat 02:30-da Şərqi Pireney departamentinin Kanet-an-Russilon şəhəri yaxınlığındakı turist düşərgəsində çalıb. Sürəti 80 km/saata çatan külək mobil evlərdən bir neçə metr aralıda yanğını gücləndirib.

Bildirilir ki, yanğın 2 hektara yaxın ərazini əhatə edib. Üç mindən çox insanın yaşadığı 600 obyekt təhlükə altına düşüb.

Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını ala bilib və istirahət edənləri təxliyyə ediblər. İki yanğınsöndürən də daxil olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.

 

Sadiq Cavadov