Son zamanların ən aktual problemlərindən biri də gənclərin ipoteka mənzilinə çıxış imkanlarının hamı üçün əlçatan olmamasıdır. Bakı və Abşeronda bu problem daha qabarıqdır. Digər şəhər və rayonlarda iqtisadi fürsətlərin zəif olması da paytaxtı ön plana çıxaran səbəblərdən biridir. Bu barədə iqtisadçı Natiq Cəfərlinin fikirlərini aldıq:

“Gənclər və gənc ailələr iqtisadi baxımdan Bakı şəhərinə üz tutur. Nəticədə mənzil bazarı yüklənir. Bütün bunların həlli üçün proqramlar keçirilməlidir. Məsələn, sosial mənzil layihəsi, kirayə ödərmiş kimi mənzil sahibi olmaq layihəsi və.s. proqramlar elan olundu. İdeya olaraq yaxşı olsa da, həyata keçirilməsində müəyyən problemlər yaşanır. Çünki, mənzil sayı məhduddur.”

İqtisadçı-ekspertin sözlərinə görə, Bakı və Abşeron yarımadasına fokuslanmaqdansa bölgələrdə mənzil sayının artırılması daha məqsədəuyğun olar:

“Hal-hazırda bunun üçün fürsətlər də genişlənib. İşğaldan azad olunmuş torpaqların məskunlaşması plan və proqrama əsasən aparıldığı halda həm Bakı və Abşeron yarımadasının yükünü azaldar, həm də gənc ailələrin ölkənin digər bölgələrdə, o cümlədən işğaldan azad olunan ərazilərdə məskunlaşmasına şərait yaranar".

Məhəbbət Məmmədov