Logo

Dövlətə məxsus 51 avtomobil satıldı - QİYMƏTLƏR


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 23 noyabrda keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi və 50 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, alıcıların hərraclarda fəallığı prosesi daha da rəqabətli edib.

Belə ki, bir lot şəklində hərraca çıxarılan 21 eyni markalı nəqliyyat vasitəsinin birgə ilkin start qiyməti 37 900 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 63 400 manata yüksəlib.

Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2007-ci il olan avtomobil olub. 5 şəxsin sifarişçi kimi təklif verdiyi hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 7 000 manat olmasına baxmayaraq, 10 300 manata sahibini tapıb.

Özəlləşən kiçik dövlət müəssisəsi isə Şəki rayonunda yerləşən “Əmlak kompleksi”dir. Əmlakın ümumi faydalı sahəsi 2 889 kvadratmetr, torpaq sahəsi isə 91 750 kvadratmetr təşkil edir.

Qeyd edilməlidir ki, 23 noyabr hərracında özəlləşdirilmiş əmlaklardan 394 155 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə linkdən tanış olmaq mümkündür.

30 noyabr tarixində keçiriləcək növbəti hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və 1 yarımçıq tikili çıxarılıb.

Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

2021-11-25 15:29:00 630
Teqlər: