“Əvvəla onu deyim ki, Bakı şəhərində mövcud olan avtomobil parklama yerləri dövlət mülkiyyətidir. Burada yalnız şəxsi mülkiyyət olan bəzi ticarət obyektləri istisnadır. Bu səbəbdən də parklama haqqı müvafiq dövlət qurumlarının iştirakı ilə təyin edilir”. 

Bu sözləri “Yeni Sabah”a  nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, dövlət mülkiyyətində olan hər hansı bir parklama yerində şişirdilmiş qiymət deyilirsə, bu artıq qeyri-qanunidir:

“Əgər dövlət mülkiyyətində olan parkinqlərdə belə şişirdilmiş qiymətlər varsa, bu zaman məsul şəxsdən çek tələb etmək lazımdır. Qiymətdən narazı qalan istehlakçı həmin çeki Vergilər Nazirliyinə və İqtisadiyyat Nazirliyinin İstehlakçı hüquqlarının müdafiəsinə cavabdeh olan şöbəyə göndərməsini tövsiyə edirəm. 

Parkinqin qiyməti onun istehlakçıya təqdimi xidmətə görə müəyyən edilir. Əgər həmin parklama yerində duracaqdan başqa hər hansı bir servis, məsələn, avtomobilin yuyulması və ya digər xidmətlər daxil deyilsə, bu artıq Azərbaycan Respublikasının İstehlakçı Hüquqlarının müdafiəsi haqqında qanunun pozulması və inhisarçılıq deməkdir.

Yəni bu hal konkret olaraq qanun pozuntusudur. Özəl mülkiyyətdə olan parkinqlərin yüksək qiymət təyin etməsi də qeyri-qanunidir. Bu məsələ dövlət qurumları ilə razılaşdırılmalıdır. İnanmıram ki, dövlət qurumları kiməsə belə bir özbaşınalıq etməyə icazə versin”.

Ekspertin sözlərinə görə, Bakıdakı parkinqlərin böyük əksəriyyəti birbaşa korrupsiya mənbəyidir:

“Külli miqdarda pul şəxsi ciblərə gedir. Şəhərin müxtəlif yerlərində quraşdırılan şlaqbaumlar qeyri-qanunidir. Parkinqdə bizdən alınan pula görə çek verilmirsə, deməli bu pul cibə gedir.

Parkinqlərin şəhər üzrə preyskurantı olmalı və bu məlumat bütün vətəndaşlara açıq olmalıdır. Kimsə ürəyi istədiyi yerə şlaqbaum qoyub, əyninə uniforma geyinib parkinqdə vətəndaşlardan pul tələb etməyə haqqı yoxdur. Hər şey qanun çərçivəsində olmalıdır. Ticarət mərkəzlərinin qarşısındakı parkinqlər isə ümumiyyətlə pulsuz olmalıdır”.