"Sığorta şirkətləri üçün risk qiymətləndirməsindəki boşluqların biri ölkədə sığortalıların vahid mərkəzi məlumat reyestrinin olmamasıdır".

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.

 İ. Alışov deyib ki, bank sektorunun idarə olunmasında, yəni müştərilərin ödəmə qabiliyyətini müəyyənləşdirmək üçün mərkəzi məlumat reyestr formalaşdırılıb: "Burada hər bir müştəriyə reytinq verilir. Təəssüflər olsun ki, sığorta sektorunda belə bir reyestr yoxdur. Belə bir reyestrin yaradılması üçün artıq texniki şərtlər müəyyənləşib. Biz düşünürük ki, bu reyestrin formalaşması nəticəsində sığorta sektorunun əldə edəcəyi ən böyük üstünlük şəffaflığın təmin edilməsidir. Eyni zamanda sığorta müştərilərini seçəcəyi zaman həmin sığortalının tarixçəsinə baxa biləcəklər, sığortalının nə dərəcədə məsuliyyətli şəxs olduğunu müəyyənləşdirə biləcəklər. Sığorta şirkətlərinin risklərinin idarə edilməsi üçün yetərincə böyük əhəmiyyət kəsb edən bir reyestr formalaşdırılacaq".