Ötən ilin son rübündə Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 89,6%-dən 88,6%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın 2023-cü ilin dördüncü rübünə aid dövlət borcu və büdcə kəsiri məlumatlarını açıqlayıb.

Məlumata görə, Aİ-də üçüncü rübdə 82,4% olan dövlət borcunun ÜDM-ə nisbəti dördüncü rübdə 81,7% təşkil edib. Digər tərəfdən, ümumi dövlət borcu Avrozonada 12 trilyon 732 milyard avroya, Aİ-də isə 13 trilyon 863 milyard avroya çatıb.

Aİ-yə üzv ölkələr arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 161,9% ilə Yunanıstan olub. Yunanıstanı 137,3%-lə İtaliya, 110,6%-lə Fransa, 107,7%-lə İspaniya və 105,2%-lə Belçika izləyib.

Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr 19,6%-lə Estoniya, 23,1%-lə Bolqarıstan, 25,7%-lə Lüksemburq və 29,3% ilə Danimarka olub.

 

Gözəl Həşimova