Son illər ölkəmizdə satışa çıxarılan dəniz balıqlarının sayında azalma müşahidə olunur. Bazarlarda piştaxtalar üzərində qoyulmuş bu növ balıqlara məhdud sayda rast gəlinir. Sayı az olan dəniz balıqlarının qiyməti isə olduqca bahadır. Buna görə də insanlar süni yetişdirilmiş damba balıqlarına daha çox üstünlük verirlər. Ekspertlər hesab edirlər ki, dəniz balığının satışı həm əziyyət tələb etdiyinə görə, həm də iqlim dəyişikliyi ilə əlaqədar ekoloji tarazlığın pozulması nəticəsində azalıb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə İqtisadiyyat.az-a deyib ki, Azərbaycanda süni yetişdirilmiş balıqlara tələbat xeyli artıb. 

Onun sözlərinə görə, dünyada akvakultura balıqçılığına üstünlük verilməsi trend halına gəlib.

Direktor bildirir ki, dünyada və Azərbaycanda hazırda akvakultura yolu ilə yetişdirilmiş balıqlar istehlakın əsas hissəsini təşkil edir:

"Dənizlərdən, okeanlardan, ümumilikdə təbii su mənbələrindən ovlanan balıqların həcmi isə təxminən 90 milyon tona yaxındır. Demək olar ki, hər iki halda həcmlər bir-birinə yaxındır. Sadəcə xüsusi məqam budur ki, son 30 il ərzində təbii su mənbələrindən ovlanan balıqların həcmi eyni səviyyədə qalıb. Lakin akvakultura balıqçılığının həcmi müvafiq dövrlə müqayisədə iki dəfə artıb".

F.Fikrətzadə qeyd edib ki, akvakultura balıqçılığının müxtəlif növləri mövcuddur: "Buraya süni göllərin yaradılması, dağ çayları, turş, şor və şirin sulu çayların üzərində terrasların qurulması, dənizin ortasında qəfəslərin salınması və digər üsullar daxildir".

Gülşən Şərif