“Uçot dərəcəsinin azaldılmasının ciddi təsiri olmayacaq”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
O xatırladıb ki, uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir: "İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi bazar faizlərinə təsir etməlidir. Mərkəzi Bank uçot dərəcəsini artırırsa, bazarda faizlər də artır. Mərkəzi Bank artıq ardıcıl 2 aydır ki, uçot dərəcəsini aşağı salır. Yəni uçot dərəcəsi faktiki olaraq ilin əvvəlki vəziyyətinə qayıdıb. Halbuki il ərzində uçot dərəcəsi qaldırılmışdı. Mərkəzi Bank inflyasiya və qiymət artımı ilə mübarizə aparmaq istədikdə uçot dərəcəsini artırır. Əgər faizlər aşağı salınırsa, deməli, qiymət artımı ilə bağlı vəziyyət yaxşıdır və iqtisadi inkişafa ehtiyac var".
Ə.Həsənov bildirib ki, ölkədə satılan malların əksəriyyəti xaricdən gəlir. Ona görə də uçot dərəcəsinin dəyişməsindən asılı olmayaraq, məhsul xaricdən alınan qiymətə satılır: "Bu baxımdan uçot dərəcəsinin dəyişilməsinin ciddi təsiri yoxdur. Bundan başqa, ölkədə faizlərin həddən artıq yüksək olması fonunda 0.5 faizlik dəyişiklik mühüm təsirə malik deyil. Uçot dərəcəsi ilə bağlı dəyişiklik yalnız banklara cüzi müsbət təsir edə bilər. Belə ki, banklara Mərkəzi Bankdan kredit lazım olarsa, nisbətən ucuz qiymətə ala biləcəklər".
Qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib.
Gülşən Şərif