Məlum olduğu kimi nəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlər və hərflərin xüsusiliyi həmişə diqqət mərkəzində olub. Bu nəinki başqa ölkələrdə, elə Azərbaycanda da belədir. Hətta müxtəlif avtomobil qiymətinə  başa gələn  bu tip qeydiyyat nişanları ilə bağlı vəziyyət hələ də tam tənzimlənməyib. Bu səbəbdən də qeydiyyat nişanlarını satışa çıxaran “alverçilər” rəqəmlərin düzülüşünə, qoşa hərflərə, eyni rəqəmlərin sıralanmasına görə, dodaq uçuqladan qiymətlər təyin edirlər.
Ötən ay KİV-də yeni “77” seriyasının istifadəyə verilməsi ilə bağlı məlumatlar yayıldı və çox keçmədən də təsdiqini tapdı. Yeni “77” kodu Bakı şəhəri üzrə qeydiyyata alınan avtomobillər üçün hazırlanıb. Bu vaxta qədər isə paytaxt üzrə “10”,”90” və “99” (həmçinin rayon) kodlarından istifadə edilirdi.
“77” kodunun istifadəyə verilməsi ilə bağlı heç bir əsaslı səbəbin göstərilməməsi də maşın və nömrə həvaskarlarında belə bir sual  yaradır:
    1. Bakı şəhərində 4-cü koda niyə ehtiyac duyuldu, 99, 90, 10 seriyaları ilə bütün hərflər istifadəyə verildimi?

    Sadə riyazi hesablama ilə bilmək olar ki, məlum kodlardakı nömrə və hərflərin sayı paytaxtdakı avtomobil sayından qat-qat çoxdur. Yəni, təkcə “90” seriyası ilə cüt hərf olmayan kifayət sayda nömrə var. Bu hal digər kodlar (99, 10) üçün də keçərlidir. Belə olan halda daha bir kodun istifadəyə verilməsi hansı məqsədlərə xidmət edir?

Cavab isə olduqca bəsitdir:
    İşbazlar tərəfindən ölkədə “zerkalni” nömrə biznesi yaradılıb və insanlar lazımi məbləği ödəyib, rüsumdan qat-qat baha qiymətlə istədikləri nömrəyə sahib olurlar. Lakin dövlət tərəfindən təyin olunmuş rüsum isə adi nömrələr üçün 22 manat, seriya və rəqəmlərindən asılı olaraq "zerkalni” nömrələr üçün isə 500-2500 manat aralığında dəyişir.
    Görünən isə odur ki, “77” kodu sırf “zerkalni” xarakteri daşıyır və həmçinin “7” çoxlarının sevimli rəqəmi olduğu üçün bundan qazanc əldə etmək belə rahatdır. Hələ-hələ bu nömrələr 77 ilə başlayıb, 777 ilə bitərsə... Elə təkcə rəqəmlərlə kimlərinsə “marketinq gedişi” etdiyini də deyə bilərik. 
    Bu qaranlıq və milyonlar dolanan biznesdən kim nə qazanır bilmirik, amma itirənin vətəndaşlarımız olduğunu hamımız bilirik. Başqa ölkələrdə bu cür nömrə biznesi konkret qanunlarla tənzimlənir. Məsələn,  qonşu ölkə Gürcüstan. Bu ölkə avtomobil nömrələrini tənzimləyən qanunla çıxış edir və nömrələr konkret məbləğlərlə təklif edilir. 
Ümid edirik ki, Azərbaycanda da işbazların yaratdığı bu qara bazara nəzarət gücləndiriləcək, büdcəyə daxil olmayan pullar və biznesə çevrilən bu boşluqlar aradan qaldırılaraq, əsaslı sistemlə tənzimlənəcək.

İqtisadiyyat.az