Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində bu ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AQTA-dan İqtisadiyyat.az-a bildirilib ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub:

“Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq, məhsul 2023-cü il 8 avqust tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib”.

***

Azərbaycandan Rusiyaya 2 partiyada 36 ton təzə moruğun ixracının qarşısı alınıb.

İqtisadiyyat.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan gətirilmiş məhsulu Rusiyanın karantin fitosanitar tələbləri pozulduğuna görə, iki ölkənin sərhədində “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları saxlayıb.

Yoxlamalar zamanı etiket məlumatı ilə fitosanitar sertifikat arasında uyğunsuzluq müəyyənləşdirilib. Məhsulları daşıyan yük maşınları Azərbaycana geri qaytarılıb.