"Almaniya və Ukrayna ukraynalı qaçqınların vətənlərinə qayıtması üçün proqramlar üzrə danışıqların ilkin mərhələsindədir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı Ukraynanın iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka deyib.

"Ukrayna hökuməti və Almaniya hökuməti qaçqınların Almaniyadan Ukraynaya qayıtmasına kömək edə bilər. Biz də öz növbəmizdə ukraynalı qaçqınlara infrastruktur həlləri təklif edə, mənzil, işlə təmin edə bilərik. Beləcə, Almaniya tərəfi qaçqınların bir hissəsini göndərə bilər. Biz indi bu proqramlar üzrə tərəfdaşlarımızla danışıqların ilkin mərhələsindəyik", - deyə Kaçka bildirib.

O, Ukraynanın qaçqınlarını geri qaytarmaq istədiyini bildirib: "Lakin Avropada ukraynalılar üçün "rəqabət" var. Biz bilirik ki, Polşa, Almaniya və xüsusən də Çexiya üçün əmək bazarı struktur islahatları, ÜDM-in artımı üçün mərkəzi elementdir. Onlar bu işlərə insanları cəlb etmədən inkişaf edə bilməz", - nazir müavini deyir. O, həmçinin etiraf edib ki, qaçqınların Ukraynaya qayıtması üçün əsas amil iş mövcudluğu olacaq.