"Fələstin-İsrail münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin birgə səyləri ilə mümkündür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 10-da bütün dünyada qeyd olunan İnsan Haqları Günü ilə bağlı açıqlamasında bildirib.

"Qəzzada davam edən qeyri-insani hücumlar təkcə Fələstin xalqının fundamental hüquqlarına deyil, həm də bütün bəşəriyyətin ortaq dəyərlərinə böyük zərbə vurur. Bu dramın indiyə qədər dayandırılmaması beynəlxalq sistemin zəifliyindən xəbər verir. Bu rüsvayçılığı gələcəyə daşımamaq üçün bütün ölkələrin ümumi məsuliyyəti olmalıdır. Bu da Qəzzada dinc əhalinin qətliamını dayandırmaq və davamlı sülhü təmin etmək üçün birgə tədbirlər görməkdir", - Fidan qeyd edib.

O əlavə edib ki, Türkiyə münaqişənin həlli məsələlərində insan ləyaqətinə dəyər verən, vicdan və əxlaqa sahib olan beynəlxalq ictimaiyyətin bütün üzvləri ilə qarşılıqlı fəaliyyət göstərəcək. O, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin Dövlətinin yaradılması əsasında Fələstin probleminin həllinin zəruriliyinə dair Ankaranın mövqeyini təsdiqləyib.