"Çin iqtisadiyyatı daxili ziddiyyətlərlə müşayiət olunan çətin beynəlxalq vəziyyətdə inkişaf edir, lakin ümumilikdə ölkə sabit artımını qoruyur". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Kommunist Partiyasına (ÇKP) üzv olmayan ictimaiyyət nümayəndələri üçün keçirilən simpoziumda Çin sədri Si Tsinpin deyib.

"Ölkəmiz qeyri-müəyyən və çətin vəziyyətdə inkişaf edir. Beynəlxalq siyasi və iqtisadi vəziyyətlə bağlı əlverişsiz amillər güclənir", - Tsinpin qeyd edib.

Çin Xalq Respublikasının sədri vurğulayıb ki, ÇKP Mərkəzi Komitəsi çağırışlara qarşı çıxır və sabitliyin qorunmasına yönəlmiş siyasəti qətiyyətlə davam etdirir. Partiya rəhbərliyi islahatları hərtərəfli dərinləşdirməyə davam edir, Çinin açıqlığını təşviq edir və makroiqtisadi tənzimləmənin getdikcə daha effektiv üsullarını tətbiq edir.

Si Tsinpin qeyd edib ki, Çin hakimiyyəti daxili tələbatın artmasına fəal şəkildə kömək edir, struktur islahatları aparır və risklərin qarşısını alır: "Ümumiyyətlə, ölkəmizdə iqtisadi vəziyyət yaxşılaşır, inamlı, intensiv inkişaf davam etdirilir və biz müasirləşmiş sosialist dövlətinin hərtərəfli qurulması üçün qətiyyətli addımlar atırıq".