Papa Fransisk BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) konfransında iştirak etmək üçün nəzərdə tutduğu Dubay səfərini ləğv etmək məcburiyyətində qalıb. 

İqtisadiyyat.az xəbər verir ki, Müqəddəs taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruninin sözlərinə görə, ağciyər iltihabından müalicə olunan pontifikin səhhəti ilə əlaqədar həkimlər səfərin ləğvini məsləhət biliblər.

"Papanın səhhətinin ümumi klinik mənzərəsi yaxşılaşsa da, onun tənəffüs yollarının iltihabı ilə qripdən əziyyət çəkdiyini nəzərə alaraq həkimlər Papadan yaxın bir neçə gün ərzində planlaşdırılan Dubay səfərinə getməməyi xahiş ediblər. Papa Fransisk həkimlərin xahişini böyük təəssüf hissi ilə qəbul edib və bu səbəbdən səfər ləğv edilib", - deyə məlumatda bildirilir.

Bruni əlavə edib ki, Papanın bu tədbirdə "başqa formada iştirakının" mümkünlüyü araşdırılır.