İsrailin ümumi daxili məhsulu (ÜDM) ötən il 501 milyard dollara yüksəlib.

İqtisadiyyat.az “Sputnik İnternational”a istinadən xəbər verir ki, 2026-cı ilə qədər İsrailin ÜDM-nin 611 milyard dollara yüksələcəyi təxmin edilir.

Məlumata görə, hazırda İsrail iqtisadiyyatı ÜDM baxımından dünyanın 29-cu ən böyük iqtisadiyyatı hesab olunur.

Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatına görə , İsrailin adambaşına düşən gəliri hazırda 58,273 dollar təşkil edir. Bu da Yaxın Şərqdə Qətərdən (83,890 dollar) sonra ikinci ən yüksək səviyyədir.

1990-cı illərin əvvəllərindən İsrail tədqiqat və inkişafa daha çox pul xərcləməyə başlayıb. Nəticədə, elmi-tədqiqat və innovasiyalara ayrılan xərclərin ÜDM-də payı 5%-ə yüksəlib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına görə, 2021-ci ilə qədər İsrailin elmi-tədqiqat və inkişafa xərcləri ÜDM-nin 5,6%-nə yüksəlib. Bu da dünyada ən yüksək göstəricidir.

İsrailin yüksək texnologiya ixracı 2007-ci ildə 3,12 milyard dollar dəyərində olub və sonrakı illərdə bu rəqəm tədricən artıb. Belə ki, 2021-ci ildə ölkə 17 milyard dollar dəyərində yüksək texnologiya ixrac edib ki, bu da onun istehsal etdiyi ixracın təxminən üçdə birini təşkil edib.

Rəsmi statistikaya görə, turizm ölkənin əsas gəlir mənbələrindən biri olaraq qalır və bu ilin sonuna qədər gəlirin ümumilikdə 3,48 milyon dollara çatacağı gözlənilir. Bu rəqəmin 2027-ci ilə qədər 4,45 milyon dollara yüksələcəyi proqnozlaşdırılır.

Məlumata əsasən, 2019-cu ildə ölkəyə 4,9 milyon, 2023-cü ildə isə 2,5 milyon turist səfər edib.

Qeyd edək ki, oktyabrın 7-dən bəri İsrail və HƏMAS qruplaşması arasında müharibə davam edir. HƏMAS ilə münaqişənin gərginləşməsi İsrail iqtisadiyyatını 4% kiçildə bilər. Belə ki, Yaxın Şərqdə artan döyüşlər İsrail ümumi daxili məhsulunu (ÜDM) bu ilin sonuna kimi 454 milyard dollara qədər azalda bilər.  

Bundan əlavə, İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatlara xərcinin 48 milyard dollara çatacağı gözlənilir. Münaqişə 2023-2024-cü illərdə ölkə büdcəsinə təxminən 180 milyard şekelə (48 milyard dollar) başa gələcək.

 

Gözəl Həşimova