"HƏMAS hərəkatı anklavda saxlanılan bütün girovları azad etsə və oktyabrın 7-də İsrailə hücumun bütün iştirakçılarını təhvil versə, Qəzza zolağına dərhal sülh gələ bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında İsrailin təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan deyib.

"HƏMAS bütün girovları qaytarsa ​​və 7 oktyabr qətliamında iştirak edən bütün terrorçuları təhvil verərsə, bu müharibə sabah, hətta bu gün də bitə bilər. Onilliklərlə davam edəcək əsl barışıq əldə oluna bilər. Bunu HƏMAS-dan tələb edin. Həll yolu budur", - İsrail diplomatı qeyd edib.

Erdan bildirib ki, İsrail dövləti mövcud olduğu bütün tarix boyu fələstinlilərlə münaqişənin sülh yolu ilə həllinə çalışıb və Fələstin tərəfi bütün təklifləri həmişə rədd edib. Qəzzada mövcud vəziyyətdən danışan diplomat əmin edib ki, ölkəsi anklav sakinlərinə humanitar yardım göstərmək üçün böyük səylər göstərir və bu istiqamətdə istənilən beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Bununla belə, İsrailin BMT-dəki daimi nümayəndəsinin sözlərinə görə, HƏMAS radikalları yerli sakinləri birbaşa təhdid etməklə və onların aktiv hərbi əməliyyatların aparıldığı əraziləri tərk etməsinə mane olmaqla mülki əhalinin təhlükəsizliyinə mane olur.