Dünya neft və qaz istehlakının 75%-dən məsul olan “G20” ölkələri (Böyük İyirmilik) arasında ABŞ-nin istehsal, istehlak və planlaşdırılan genişlənmə sərmayələri baxımından bu resurslardan ən çox asılı olan ölkə olduğu müəyyən edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “G20” "Neft və Qaz üçün vaxt tükənir" adlı hesabatını dərc edib.

Hesabata görə, qlobal ümumi daxili məhsulun 85%-ni və beynəlxalq ticarətin 75%-ni təşkil edən “G20” ölkələri qlobal tullantıların 75%-ə də cavabdehdir.

ABŞ 25% ilə emissiyalarda ən yüksək məsuliyyətə malik ölkə olduğu halda, ABŞ-ni 22%-lə Avropa İttifaqı, 13% ilə Çin, 6% ilə Rusiya, 4% ilə Yaponiya və 3% ilə Hindistan izləyir.

Buna görə də, “G20” ölkələri iqlim dəyişikliyi ilə mübarizə üçün qalıq yanacaq istifadəsinin və emissiyaların azaldılmasında ən böyük məsuliyyəti daşıyırlar. Buna baxmayaraq, adambaşına düşən neft və təbii qaz istehlakına görə lider olan sənayeləşmiş ölkələr istehlaklarını azaltmaq üçün demək olar ki, heç bir addım atmırlar.

Dünyada qaz istehlakının 75%-i və qaz hasilatının üçdə ikisi “G20” ölkələrinin payına düşür. Qaz hasilatında ABŞ, Rusiya, Çin və Kanada “G20” ölkələrinə liderlik etsə də, bu ölkələrin hasilatı arasında ciddi fərqlər var.

Səudiyyə Ərəbistanı, Kanada, Rusiya, ABŞ və Avstraliya adambaşına qaz istehlakının ən yüksək olduğu “G20” ölkələri kimi seçilirlər.

Qlobal neft hasilatının üçdə ikisinə cavabdeh olan “G20” ölkələri arasında ABŞ birinci, Səudiyyə Ərəbistanı, Rusiya, Kanada və Çin ikinci yerdədir. Bu 5 ölkənin payına dünya neft hasilatının 50%-dən çoxu düşür.

Bundan əlavə, dünya neft istehlakının 75%-i “G20” ölkələrinin payına düşür. Bu istehlakın 21%-i təkcə ABŞ-nin payına düşür.

 

Gözəl Həşimova