Fransa Milli Terrorla Mübarizə Prokurorluğu şənbə günü Paris küçələrindən birində yoldan keçənlərə edilən hücumla bağlı istintaqa başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İş terror fəaliyyəti ilə bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə araşdırılacaq.

Agentliyin məlumatına görə, hücumu İran əsilli 26 yaşlı fransız Arman Rajabpour-Miyandoab həyata keçirib. Onun qurbanı bıçaq yarasından ölən 24 yaşlı alman əsilli filippinli turist olub. Bundan əlavə, hücumçu yoldan keçən digər iki nəfərə çəkiclə hücum edib, onların arasında Böyük Britaniyadan olan turist də var. Hadisədən az sonra cinayətkar saxlanılaraq nəzarətə götürülüb.

Daha əvvəl Fransanın daxili işlər naziri Gerald Darmanin hücumçunun 2016-cı ildə terrora hazırlaşdığı üçün həbs edildiyini və psixiatriya xəstəxanada müalicə olunduğunu bildirmişdi. 

*** 14:09

Parisin mərkəzindəki küçələrdən birində bıçaq və çəkiclə hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Fransanın daxili işlər naziri Gerald Darmanen bildirib ki, şübhəli Eyfel qülləsi yaxınlığında yerləşən Qrenelle sahil bölgəsində turistlərə hücum edib.

O əlavə edib ki, təhlükəsizlik orqanlarına məlum olan 26 yaşlı Fransa vətəndaşı həbs edilib.

Şübhəli turistlərə yaxınlaşaraq Almaniya vətəndaşını ölümcül yaralayıb. Daha sonra polis həmin şəxsi təqib etməyə başlayıb, o, çəkiclə daha iki nəfərə hücum edib, lakin elektrik şoku ilə zərərsizləşdirilib və həbs edilib. 

Təcili yardım xidmətləri zərərçəkənlərə yardım göstərib.

Darmanen şübhəlinin "Allahu Əkbər" deyə qışqırdığını və daha sonra "Əfqanıstan və Fələstində çoxlu müsəlmanın öldürüldüyü" üçün polisə əsəbi olduğunu bildirib.

Nazir şübhəlinin 2016-cı ildə terror aktı planlaşdırdığına görə 4 il həbs cəzasına məhkum edildiyini və Fransa təhlükəsizlik xidmətlərinin nəzarət siyahısında olduğunu bildirib.

Şübhəlinin psixi pozğunluqdan əziyyət çəkdiyi də məlum olub.