Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 28-ci Konfransı (COP28) çərçivəsində keçiriləcək Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, Ərdoğanı Dubay Beynəlxalq Hava Limanında BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayed əl Nəhyan, Abu Dabi səfiri Tuqay Tunçer, Dubayın baş konsulu Onur Şaylan və digər əlaqədar şəxslər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət ediblər.