"Çin Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İqlim üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransında iştirak edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan məlumat verib.

"Səkkiz il əvvəl Prezident Si Tsinpin və digər liderlər Paris Sazişini qəbul etdilər. Çin öz öhdəliklərini yerinə yetirdi və qlobal iqlim siyasətinə çox mühüm töhfə verdi", - diplomat qeyd edib.

O, həmçinin iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra təkliflər təqdim edib: "Biz ilk növbədə Paris sazişinin məqsədlərinə əməl etməliyik, həmrəylik nümayiş etdirməliyik və nəticələrin təmin edilməsi üçün əməkdaşlıq etməliyik".

Qeyd edək ki, 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üzrə Paris sazişi imzalanıb. Onun bir hissəsi olaraq, iştirakçı ölkələr orta illik temperatur artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon qazı emissiyalarını könüllü şəkildə azaltmağa söz veriblər.