Yaponiyanın Baş naziri Fumio Kişida və kabinet üzvləri əməkhaqlarına əlavələri büdcəyə qaytarıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno bildirib.

"Baş nazir və nazirlərin maaşlarının artırılması xalqın tənqidinə səbəb olub. Buna görə də biz ictimaiyyətdə inamsızlıq yaratmamaq üçün bu məbləğlərin qaytarılması barədə razılığa gəldik. Bu qərar hökumətin növbəti iclasından sonra keçirilən görüşdə rəsmi olaraq qəbul edilib", - deyə Matsuno vurğulayıb.

Məlumata görə, Yaponiyanın Baş nazirinin maaşı ayda 3,3 milyon yen (təxminən 22 min dollar) təşkil edir. Yaponiyalı nazirlərin maaşı isə ayda 2,45 milyon yendir (təxminən 16,300 dollar).

Nazirlər Kabinetində daha əvvəl qəbul edilən qərara əsasən, Kişidanın maaşı ildə 3 min dollardan çox, digər nazirlərin maaşı isə ildə 2100 dollar artmalı idi.

 

Gözəl Həşimova