İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA Həftəsi çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat naziri ölkəmizin Tacikistanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb. SPECA Həftəsi çərçivəsində keçirilən İqtisadi Forum və görüşlərin Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında energetika, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Aqrar-sənaye klasterinin yaradılması kimi birgə layihələr hər iki ölkənin iqtisadiyyatına töhfə verə bilər.

Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib, tərəfdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tranzit sahəsi üzrə genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqunun inkişafı və digər məsələlər müzakirə edilib.

*** 19:28

Azərbaycan Tacikistanla iqtisadı-ticarət əlaqələrin və investisiyaların təşviqi, biznes dialoqun genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də paylaşım edib.

O qeyd edib ki, Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı (SPECA) həftəsi çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.