"ABŞ-nin Ukraynaya maliyyə dəstəyi hazırda yardım paketlərinin ölçüsü ilə bağlı çevik qərarların olmaması səbəbindən kritik bir mərhələdədir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Gördünüz ki, Ukrayna məsələsində təqdim etdiyimiz yardım paketləri göndərilən pulun miqdarı baxımından daha kiçik artımla ayrılıb. Bu kritik bir məqamdır", - diplomat qeyd edib.

Kirbi xatırladıb ki, ABŞ administrasiyası əlavə büdcə ayırmaları, o cümlədən Ukraynaya yardım üçün Konqresin təsdiqini gözləyir: "Prezident Co Baydenin tələb etdiyi əlavə maliyyəyə çox ehtiyacımız var və mən Konqresə xatırlatmaq istərdim ki, əlavə vəsaitin məbləği Ukrayna və İsrail kimi tərəfdaşlarımız tərəfindən diktə edilib". 

"Politico" qəzeti daha əvvəl Senatda Demokratik Əksəriyyətin lideri Çak Şumerin məktubunu yaymışdı. Məktubda qeyd edilib ki, ABŞ qanunverici orqanının yuxarı palatası dekabrın əvvəlində ABŞ administrasiyasının Ukrayna və İsrailə yardım üçün maliyyə tələbinə səs verəcək.