Ukrayna prezidenti Volodimir Zelenski "Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin ölümündə Kremlin məsuliyyət daşıdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna lideri Kiyevdə keçirilən "Yalta" sammitindəki çıxışında birbaşa Rusiya prezidentini ittiham edib:

"Priqojini Putin öldürdü. Bizdə bu haqda məlumat var. Lakin onun ölümü əlbəttə Ukraynada matəmə çevrilmədi. Bu bizim üçün bir terrorçunun azalması deməkdir".

Zelenski hesab edir ki, Priqojin və komandasının öldürülməsindən sonra rusların əhval-ruhiyyəsi aşağı düşüb: "Çünki onlar (ruslar - red.) "vaqner"çilərə arxalanırdılar, hətta onların geri qayıtmaqlarına belə icazə verilmirdi. Priqojinin qətlindən sonra "vaqner"çilərdən güc alan, özlərini güvəndə hiss edən ruslar məhz bu müdafiəni itirmiş oldular. Bu əlbəttə bizim üçün müsbət haldır".

Ukrayna prezidenti "Vaqner" liderinin Putin tərəfindən öldürüldüyünə dair məlumatı hansı mənbədən aldığını açıqlamayıb.