İsraillə HƏMAS arasında baş verən toqquşmalar artıq yeni mərhələyə qədəm qoyub. İsrail ordusu elan etdiyi kimi quru əməliyyatlarına start verib. İsrail rəsmiləri də bəyan edirlər ki, döyüşlər çox ağır və çətin keçir. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri də odur ki, HƏMAS məhz buna, yəni, şəhər döyüşlərinə hazırlaşmışdı. HƏMAS da gözəl bilir ki, İsrailə hücum edərək heç nə əldə edə bilməyəcək. Ona görə də, İsrail ordusunu öz üzərinə çəkərək zərbələr endirmək onlara ən uyğun variant kimi gəlirdi. HƏMAS xüsusilə tələlər, pusqular və tunellerə arxayındır. İsrail tərəfi isə müasir silahlanmaya və döyüş hazırlığı yüksək olan ordusuna.

Tərəflərdən indiki məqamda hansınınsa üstünlük qurduğunu demək yalan olardı. Çünki hər iki tərəf ancaq uğurlarını nümayiş etdirir. İsrail tərəfinin hələ də raket zərbələri, aviasiyadan zərbələr endirməkdə davam etməsini və bunun sayını artırması onu deməyə əsas verir ki, proses son dərəcə ağır gedir.

Tərəflər arasında toqquşma davam edərkən regionda da vəziyyət son dərəcə mürəkkəb, gərgin, qarışıq, obrazlı desək ərəb saçına bənzəyir. İlk günlər İsrailin HƏMAS-ı yer üzündən silməsinin vacib olduğunu deyən ABŞ artıq danışıqlardan, atəşkəsdən, sülhdən danışmağa başlayıb. Yəmənin, konkret olaraq Husilərin İsrailə müharibə elan etməsi proseslərə yeni yön verdi. İsrail və ABŞ bilir ki, Husilər son olmayacaq. Digər ölkələr və qruplaşmalar da İsrailə qarşı müharibə elan edə bilər. Beləcə İsraili qorumaq asan olmaz. Ona görə də, ABŞ öncə Səidiyyə Ərəbistanı ilə danışıqlar apardı. İlk günlər İran əleyhinə bəyanatlar verən rəsmi Vaşinqton artıq ortaya fərqli mövqe qoyub. Misal üçün, ABŞ Dövlət Departamenti İranla münaqişə istəmədiklərini dilə gətirir. Çünki ABŞ və regionu yaxından izləyənlər bilir ki, Husilər İrana bağlıdır və İranın regionda digər qruplaşmaları da prosesə qoşula bilər. Rəsmi Vaşinqton artıq müharibənin genişlənmə ehtimalını görür. Ona görə də, bunun qarşısını almaq istəyir və müharibənin genişlənməsindən narahat olduğunu dilə gətirir.

ABŞ və İsrail anlayır ki, Yəməndən sonra digər ərəb ölkələri də özündə cəsarət tapıb, müharibəyə qoşula bilər. Bu isə artıq regional müharibə deməkdir. Regional müharibənin nəticəsini isə proqnoz etmək mümkün deyil. Misal üçün, İsrailin bəzi deputatları Qəzza zolağına nüvə bombası atmağı təklif edir. Məsələ ondadır ki, atılacaq nüvə bombası təkcə Qəzzanı yox, elə İsrailin özünü də yaşanmaz hala gətirəcək.

Görünən odur ki, müharibənin bitməsi yönündə fəaliyyətlər daha da artacaq. İsrail rəsmiləri hər nə qədər sona qədər gedəcəklərini desələr də, hesab edirəm ki, bu, imkansız bir şey olacaq. Çünki münaqişənin uzanması digər aktorları da regiona çəkir. Artıq Rusiya, Çin, Türkiyə regiona daxil olmaq üçün addımlar atmaqdadır. Bu isə İsrail üçün, eləcə də İsrailin qoruyucu mələyi ABŞ üçün arzuolunmaz hal sayıla bilər.

Məsələ ondadır ki, müharibənin indiki məqamda bitməsi, atəşkəsin əldə olunması hər şeyin bitməsi anlamına gəlməyəcək. Heç kim zəmanət verə bilməz ki, münaqişə yenidən alovlanmayacaq. Ümumiyyətlə, Fələstin dövləti yaranmayana qədər terror, münaqişə davam edəcək, Yaxın Şərq dünyanın ən qaynar nöqtələrindən bir olmaqda qalacaq.

 

Səxavət Məmməd