Xətai rayonu ərazisində 3 nəfər ailə üzvünü öldürən şəxs bacısını və onun azyaşlı övladını da qətlə yetiribmiş.

DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Qeyd edək ki, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda bir ailənin üç üzvü - 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetirilib.

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.